Ana Sayfa > Siyasət > AXCP NTK sədri:

AXCP NTK sədri:


1-10-2019, 12:17. Yazar: sevinc1
AXCP NTK sədri:


“Sözdə demokratiyadan danışsa da, əslində sərt diktatura rejimi qurub”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev Partiyanın sədri Əli Kərimlinin cəbhəçiləri istismar etməsinə, partiya yoldaşları və onu ləkələməsinə üsyan edib. Belə ki, A.Əliyev AXCP üzvlərinə videomüraciət yazaraq, özünün “facebook” səhifəsində yerləşdirib.

AzNews.az bildirir ki, Əli Kərimlinin diktatura rejimindən, partiyanın pullarını mənimsəməsindən danışan A.Əliyev partiya yoldaşlarına susmamağı tövsiyə edib:

“Əziz AXCP üzvləri, mənim dəyərli cəbhədaşlarım, sizləri salamlayıram. Mən, AXCP nəzarət-təftiş komissiyasının sədri Əliyev Aydın Səmədqulu oğlu bu gün çox təəssüf hissi ilə sizlərə müraciət edirəm.

1988-ci ildən etibarən “Xalq hərəkatının” fəal üzvü olmuşam.Ölkəmizdə demokratik cəmiyyət qurulması uğrunda sizinlə birlikdə mübarizə aparmışam. Bütün çətinliklərə, dəfələrlə həbs olunmağıma baxmayaraq öz əqidəmdən dönməmişəm. Demokratiya, haq-ədalətin bərqərar olması uğrunda mübarizəni həyatımın mənası hesab etmişəm. AXCP-nin ən fəal üzvlərindən biri olaraq, partiyada müxtəlif rəhbər vəzifələrdə olmuşam. 2015-ci ildə AXCP Nəzarət Təftiş Komissiyasının üzvü, sonra isə sədri seçilmişəm. Sonradan bilmişəm ki, mənim kimi obyektiv, düz danışan, prinsipial bir adamın bu vəzifəyə seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb.

Partiyadaxili, xaricdən gələn qrant və s. pul məsələlərini ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin və xaricdə yaşayan oğlunun ərəb şeyxləri kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib. 30 illik siyasi fəaliyyətimdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə aparıldığını desə də, əslində, partiyada sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun anti-demokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb.

Əziz cəbhəçilər, Əli Kərimli bir siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir. Sizin çoxunuz Əli Kərimlinin anti-demokratik, qanunsuz partiyanın nizamnamə və məramnaməsinə zidd əməllərindən xəbərdarsız, lakin onu dilə gətirməkdən çəkinirsiz. Bizim məqsədimiz Əli Kərimli kimi diktatoru yox, azad demokratik seçkilər nəticəsində xalqımızın etimad göstərdiyi siyasi liderin hakimiyyətə gəlməsi olmalıdır.

Əziz dostlar, Əli Kərimli və onun əlaltıları məni də öz çirkin oyunlarının qurbanına çevirib, ləkələyib partiyadan, siyasi mübarizədən uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Ancaq bildirmək istəyirəm ki, mən istefa verməyəcəyəm. Partiyamızda olan yüzlərlə əqidəli, xalqını sevən əqidədaşlarımla birlikdə Əli Kərimlinin partiyamızda yaratdığı çirkin oyunlarına qarşı mübarizə aparacağıq. Bütün xəyanətkar əməllərini ifşa edəcəyik. Çalışacağıq ki, partiyamızın bütün üzvləri, həm də xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar. Onun əslində xalqımıza qarşı hansı xəyanətlərə yol verməsindən xəbərdar olsunlar".

O, AXCP sədrinə də müraciət edib: "Əli Kərimli, bu illər ərzində apardığın çirkin, xəyanətkar oyunlar yetər. Partiyada yaratdığın diktaruraya son qoy! Əgər cəsarətin və mənliyin çatırsa, istefa ver! Qoy, partiyanın üzvləri özlərinə gənc, savadlı, xalqını sevən, bacarıqlı rəhbər seçib demokratik cəmiyyət qurmaq üçün mübarizə aparsınlar. Azərbaycanı fəlakətə aparan əməllərindən əl çək! Bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə əlaltıları mənə qarşı böhtan və şər kampaniyasına başlayacaqlar. Ancaq bütün bunlara əhəmiyyət verməyərək qabaqcadan həmin şəxslərə səslənirəm ki, mənim barəmdə danışarkən haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər”.

aia.az

[media=https://www.youtube.com/watch?v=Q-nfoqTnmLY]
Geri dön