Ana Sayfa > Qərbi Azərbaycan > Mərkəzi Gömrük Hospitalının cərrahı Vyana şəhərində ESCP 14–cü elmi-praktiki konfransında iştirak edib

Mərkəzi Gömrük Hospitalının cərrahı Vyana şəhərində ESCP 14–cü elmi-praktiki konfransında iştirak edib


1-10-2019, 12:04. Yazar: sevinc1
Mərkəzi Gömrük Hospitalının cərrahı Vyana şəhərində ESCP 14–cü elmi-praktiki konfransında iştirak edib



Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva 24-27 sentyabr 2019-cu il tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən Avropa Koloproktoloqlar Dərnəyinin (ESCP) XIV elmi-praktiki konfransında iştirak edib. 24 sentyabr tarixində milli təmsilçilər dəyirmi masa arxasında keçirilən toplantıda gördükləri işlər haqqında geniş məlumat veriblər, həmçinin, onların arzu və iradları dinlənilib. Sevindirici haldır ki, Azərbaycan təmsilçilərinin hesabatı məqbul hesab edilərək qəbul edilib.

ESCP 2019 sentyabrın 25-də elmi proqramla tam gücü ilə işə başlamışdır. Konfransda yoğun və düz bağırsağın həm xoş xassəli, həm də bəd xassəli xəstəliklərini əhatə edən geniş məzmunlu çıxışlar dinlənilib, diskussiyalar aparılıb. Tədbirdə kolorektal xərçəngdə cərrahi əməliyyatlarda olan yeniliklər, hemorroidektomiyada yeni texnika və ya geriyə qayıdış, rektal prolaps, parastomal yırtıqlar, perianal kron, video sessiyalar, satellit simpoziumlar, iltihablı bağırsaq xəstəlikləri və bu kimi başqa mövzular yer almışdır.

Eyni zamanda kolon və rektal xərçəng xəstəliklərində həm açıq cərrahiyyə, həm laparoskopik, eyni zamanda, robotik əməliyyatların aparılması texnikası ilə bağlı maraqlı müzakirələr öz əksini tapmışdır. Anal fistullarda LİFT, Flap və yeni pluq texnologiyası təqdim edilmişdir. Məruzəçilər iltihablı bağırsaq xəstəliklərində daha çox mərkəzşləşdirilmiş tibbi xidmət göstərilməsinin əhəmiyyətindən danışıblar.

Toplantıda ESCP-nin yeni prezidenti prof. Villem Bemelman təqdim edilib, növbəti ildə Litvada keçiriləcək ESCP- 2020 elmi-praktiki konfransın proqramının anonsu verilib.

Qeyd edək ki, 2005-ci ildə yaradılan Avropa Koloproktoloqlar Dərnəyi Avropada koloproktologiya elminin və təcrübəsinin inkişafına və tərəqqisinə, koloproktologiya sahəsində elmi görüşlərin təşkilinə, milli bölmələrin dəstəklənməsinə və inkişafına yönəldilib.


aia.az
Geri dön