Ana Sayfa > Ölkə > Gəncə - elm və mədəniyyət beşiyi
Gəncə - elm və mədəniyyət beşiyi26-09-2019, 11:53. Yazar: sevinc1 |
Qədim şəhər müasir dövrümüzdə də mədəniyyət müəssisələrinin çoxluğu və onların fəaliyyətlərinin rəngarəngliyi ilə diqqəti cəlb edir Bugünkü materialda oxucularımıza Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin faliyyətindən söhbət açmaq istəyirik. Etiraf edək ki, bu idarənin fəaliyyəti həqiqətən əhatəliliyi və gərginliyi ilə seçilir. Amma başqa cür ola da bilməz. Çünki Gəncə təkcə ölkəmizin deyil, həmçinin Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncə qədim mədəniyyət abidəsi, qərbi Azərbaycanın sənaye mərkəzidir. Bu gün mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, “Zarrabi”poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, 27 kitabxana fəaliyyət göstərir. Həmçinin dövlət tərəfindən maliyyələşdirilən bu məktəb və mərkəzlərdən başqa Gəncədə orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, “Gülşən” rəqs ansamblı və “Ulu Gəncə” ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Əlbəttə ki, bütün bu müəssisələrin fəaliyyətinə mərkəzləşdirilmiş qaydada nəzarəti həyata keçirmək, onların işini üzlaşdırmaq böyük səylər, gərgin zəhmət və yüksək məsuliyyət tələb edir. Həm də nəzərə almaq lazımdır ki, Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində bu şəhərin özündən başqa Kəlbəcər, Samux və Goranboy rayonlarının, eləcə də Xocalı və Naftalan şəhərlərinin mədəniyyət obyektləri də fəaliyyət göstərir. Lakin Sənan Hacıyevin rəhbərlik etdiyi Gəncə Regional Mədəniyyət İdarəsinin kollektivi bu işin öhdəsindən yüksək peşəkarlıqla gələ bilir. İdarənin təşkilatçılığı ilə təkcə bu ay keçirilən tədbirlərin siyahısına nəzər salmaq kifayətdir ki, görülən işlərin həqiqətən də əhatəli və çoxprofilli olduğu üzə çıxsın. Yeri gəlmişkən, həmin tədbirlərdən bəzilərinin gedişi barədə sizlərə daha ətraflı məlumatları təqdim edirik. “Sonuncu Mogikan” Gəncədə Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 06.09.2019-cu il tarixdə Amerika yazıçısı Ceyms Fenimor Kuperin anadan olmasının 230 illiyi münasibətilə “Sonuncu Mogikan” adlı kitabının təqdimatı keçirildi. Kitabxanaçı Nərmin Həsənova açaraq tədbir iştirakçılarına yazışının həyatı,yaradıcılığı və kitab haqqında geniş məlumat verdi. Bildirdi ki yazıçı Fenimor Kuper XIX əsr Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. O, Amerika hindularının həyatını, məişətini və adətlərini təsvir edən ilk və ən məşhur romantik yazıçılardandır. “Dəri corab” pentalogiyasına daxil olan “Sonuncu Mogikan” romanında müəllif yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransızların mübarizəsini böyük sənətkarlıqla təsvir etmişdir. Biz sülhə səs veririk! Goranboy Dövlət Rəsm Qalereyasında Sülh aylığı ilə bağlı “Azərbaycan sülh sevər Dövlətdir” başlığı altında sərgi təşkil edilmişdir. Sərgidə vətənpərvərlik mövzusunda rəsm əsərləri nümayiş olundu. Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirdiki, əvvəlki illərdə olduğu kimi, bu il də Goranboy Dövlət Rəsm Qalereyasında 21 avqust - 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilir. Qeyd edək ki, Ənənəvi olaraq hər il keçirilən “Sülh aylığı” əhalinin müxtəlif təbəqələrinin diqqətini sülhün və insan hüquqlarına hörmətin vacibliyinə cəlb etmək məqsədilə keçirilir. Beynəlxalq Sülh Günü – 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayramdır. Bilik günü qeyd olundu 16.09.2019-cu il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 №-li kitabxana filialının işçiləri, Şah İsmayıl Xətai adına 13 №-li orta məktəbdə, “Məktəb - Müqəddəs məbəddir” başlığı altında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə məktəblilərin ilk dərs gününün açılışında iştirak etdi. Tədbirdə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı orta məktəbin direktoru Hüsnay Mövlayeva məktəbliləri ürəkdən təbrik edərək Respublikanın bütün təhsil ocaqlarında Bilik günü xüsusi gün kimi qeyd olunduğunu söylədi və kitabxana işçilərinə onların sevincini paylaşdıqları üçün razılıq etdi. 19 saylı kitabxananın müdiri Elza Əliyeva , kitabxanaçı Nərgiz Məmmədova məktəbliləri təbrik edərək yeni dərs ilində dərslərində müvəfəqiyyətlər arzu etdilər. Kitabxananın oxucuları olan məktəblilər tətil zamanı kitabxananın onlara göstərdiyi xidmətdən danışdılar və kitabxanadan dərs zamanı onlara lazım olan elm sahələri üzrə vəsaitlərdən istifadə edəcəklərini bildirdilər. Dahi bəstəkarın əsərləri onun doğum günündə səsləndi Gəncə şəhəri Uşaq İncəsənət Məktəbində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ad günü ilə bağlı musiqi bayramı keçirildi. Nəzəriyyə şöbəsinin müəllimi Əliyeva Şəhla bəstəkarın həyat və yaradıcılığından danışdı. Bəstəkarın “Cəngi”, “Döyüşçülər marşı”, “Axşam oldu” əsərləri, tar sinfinin şagirdlərinin ifasında səsləndi. Sonra səhnədə “Arşın mal alan” musiqili komediyasında musiqi parçalarını vokal şöbəsinin şagirdləri ifa etdilər. Konsertinsonunda A.Rzayeva, P.Çaykovskiy, M.Maqomayev, T.Quliyev və digər bəstəkarların əsərləri şagirdlərin ifasında səsləndi. Yekunda məktəbin direktoru Ramail Atayev çıxış edərək bütün kollektivi musiqi bayramı münasibəti ilə təbrik etdi. Nazir mədəniyyət obyektlərinin fəaliyyətilə tanış olub Sentyabr ayının 20-də ölkənin Mədəniyyət naziri Əbülfəs Qarayev Naftalan və Gəncə şəhərlərində olub. Gəncə şəhərində nazir ilk olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəlib. Filarmoniyanın fəaliyyəti, təşkil olunan konsertlər haqqında məlumat verilib. Nazir burada fəaliyyət göstərən musiqi kollektivlərinin – Gəncə Dövlət Kamera Orkestrinin, yeni yaradılmış “Xəmsə” estrada ansamblının məşqlərinə baxıb. Əbülfəs Qarayev Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Muzeyin fəaliyyəti, eləcə də muzeyin həyətində yaradılmış açıq səma altında ekspozisiya haqqında ətraflı məlumat verilib. Nazir XIX əsr “Hüseyniyyə” tarix-memarlıq abidəsini və Mirzə Şəfi Vazeh muzeyini də ziyarət edib. Əbülfəs Qarayev daha sonra Telman Hacıyev adına Gəncə şəhər 2 nömrəli Uşaq musiqi məktəbində olub. Məlumat verilib ki, məktəbin yerləşdiyi bina 1903-cü ildə inşa olunub. 1959-cu ildən məktəb bu binada fəaliyyət göstərir. Binanın əsaslı təmir-bərpasına böyük ehtiyac var. Nazir bu məsələyə baxılacağını bildirib. Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |