Ana Sayfa > Qərbi Azərbaycan > Bu dərmanlar ana bətnindəki uşaqda karlıq və eybəcərlik yaradır -

Bu dərmanlar ana bətnindəki uşaqda karlıq və eybəcərlik yaradır -


25-09-2019, 16:46. Yazar: sevinc1
Bu dərmanlar ana bətnindəki uşaqda karlıq və eybəcərlik yaradır -



Son dövrlər qadınların çoxu hamiləlik dövründə reseptlə və reseptsiz buraxılan bir sıra dərman vasitələri qəbul edir. Bu isə hamiləlik dövründə istər ananın, istərsə də bətnindəki uşağın inkişafına ciddi ziyan vura bilər.

Hamiləlik dövründə qadınlar daha çox nələrə diqqət etməlidirlər? Hamiləlikdən əvvəl mövcud olan hansı problemlər bu dövrdə təhlükə yarada bilər? Hansı xəstəliklər hamiləliyin sonunda ana ölümü ilə nəticələnə bilər?

Oxu.Az-ın bu və digər suallarını Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova cavablandırıb.

Onun sözlərinə görə, hamiləlik zamanı üzə çıxan bir çox xəstəliklər hamiləlikdən əvvəl mövcud olan və təəssüf ki, müalicə edilməyən problemlərdir:

“Hamiləlikdən əvvəl qadında qan azlığı, mədə-bağırsaq sistemində problemlər varsa, hamiləlik dövründə bu, dölün normal inkişafına təsir edir və əlavə dərman preparatlarının qəbuluna ehtiyac olur. Bu isə dəqiq yoxlamalardan sonra təyin edilə bilər.

Ginekoloqlar bunu özü təyin edə bilməz. Hamilələr digər mütəxəssislərə müraciət edərək yoxlanışdan keçməli, yekunda isə müalicəni sübutlu təbabət prinsipləri ilə icazə verilən dərmanlardan istifadə etməklə ginekoloqla paralel şəkildə aparmalıdırlar.

Qan azlığının müxtəlif səbəbləri ola bilər. Bəzən qadınlar əlavə ödəniş və ya digər səbəblərdən bu yoxlamaları aparmır, sonda isə həm özlərinin, həm də dünyaya gələcək körpələrinin sağlamlıqlarını təhlükə qarşısında qoyurlar”.

S.Məmmədova bəzən həkim nəzarəti olmadan, həmcinslərinin tövsiyələri ilə hərəkət edən qadınlara da müraciət edib:

“Qanın durulaşdırılması üçün istifadə edilən dərman preparatı var ki, bunu hamilə olmayan qadın istifadə edə bilər. Lakin hamiləlik dövründə adi qan durulaşdırıcısının qəbulu ana bətnində inkişaf edən uşaqda eybəcərlik, anadangəlmə qüsurlar yaradır.

Bəzi antibiotiklər var ki, hamiləlik dövründə onların qəbulu ana bətnindəki uşaqda eşitmə sinirlərini zədələyir. Yaxşı olar ki, hamiləlik dövründə qadınlar özlərini maksimum qorusun, xəstələnməsinlər. Digər hallarda isə mütəxəssislər tərəfindən ciddi yoxlamalardan sonra dərman qəbuluna başlamaq olar”.

Dövlət xəstəxanalarından fərqli olaraq, özəl xəstəxanalarda əlavə müayinələrin nisbətən baha olduğunu deyən S.Məmmədova özəl klinikalardan gələn hamilələrdə problemlərin daha sıx rast gəldiyinə diqqət çəkib.

Son vaxtlar hamiləlik dövründə qadınlarda qan azlığı, sinir sistemi xəstəlikləri, ürək qüsurlarına rast gəlindiyini deyən həkim onu da qeyd edib ki, ürəyində anadangəlmə qüsurları və ya müəyyən problemləri olan qadınların ana olması risklidir:

“Bu gün dünya ölkələrində də geniş yayılan xəstəliklərdən biri ürək genişlənməsidir. Ürək genişlənməsinin hansı səbəbdən baş verdiyi isə hələ də elmi cəhətdən sübut olunmayıb. Bu gün Azərbaycada ürək qüsurları olan o qədər qızlarımız var, təəssüf ki, valideynləri bu problemi onlardan gizlədir.

Gənclər ailə qurur, övlad sahibi olmaq istəyəndə isə bu problemlər özünü büruzə verir. Bu problemlər hamiləliyin birinci hissəsindən sonra özünü göstərdiyi üçün onun qarşısını almaq gec olur.

Belə qadınlar ya hamiləliyin sonunda, ya da hamiləlik sonlandırıldıqdan sonra ürək genişlənməsindən vəfat edirlər. Bu xəstəlik daşıyıcılarının övlad sahibi olmasına icazə verilmir. Təəssüf ki, bizdə övlad sahibi olmaq xatirinə öz həyatlarını riskə atırlar.

Qan azlığı olan qadınlarda, təəssüf ki, hamiləlik 22-24-cü həftədə sonlandırılmalı olur. Qeysəriyyə üsulu ilə hələ tam formalaşmamış döl ana bətnindən çıxarılır. Bu cür doğulan uşaqların əksəriyyəti tələf olur”.

S.Məmmədova ÜST-nın hər üç ildən bir hamiləlik dövrünə nəzarət məqsədilə mütəxəssislər toplayaraq, hamiləlik dövründə qəbul edilməsinə icazə olan və olmayan dərman preparatlarının siyahısını hazırladıqlarını da vurğulayıb:

“Biz buna kliniki protokollar deyirik. Bütün dünya ölkələrində hamiləlik dövründə istifadə olunan və olunmayan dərmanlar haqqında məlumatlar qeyd olunur. Hər hansı bir müayinə və müalicənin tətbiqi zaman 2009-cu ildən etibarən dünya təcrübəsinə və sübutlu təbabətə əsaslanarıq.

Artıq məsləhətxanalarda protokola uyğun işlər aparılır. Həmin protokollarda isə hamilənin doqquz ay ərzində neçə dəfə məsləhətxanaya gəlməli, neçə dəfə USM-müalicəsindən keçməsi ilə bağlı təlimatlar yer alır.

Hamiləliyi normal keçən qadına yalnız hamiləliyin ilk 12 həftəsində fol turşusu verilir. Bu da sinir borusunun hər hansı əmələ gələ biləcək defektlərinin qarşısı alınır. Digər hallarda hamilələrə heç bir əlavə perapartalar verilməməlidir. Hamiləlik dövründə qadının orqanizmi həm özünü, həm də uşağın orqanizmini zəruri olan bütün maddələrlə təmin edir”.


aia.az
Geri dön