Ana Sayfa > Manşet / Təhsil > Məleykə Abbaszadə:

Məleykə Abbaszadə:


23-09-2019, 10:54. Yazar: sevinc1
Məleykə Abbaszadə:


Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Assoiation for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu konfrans Bakıda ilk dəfə 2007-ci ildə keçirilib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində təhsilə təsirsiz ötüşməyib".

M.Abbaszadə əlavə edib ki, bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır:

"Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır. Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür.

Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik".

IAEA prezidenti Rendi Bennett rəhbəri olduğu assosiasiyanın məqsədinin təhsilin qiymətləndirilməsi elmi və təcrübəsinin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarət olduğunu bildirib. Vurğulayıb ki, tədbirə ev sahibliyi edən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi IAEA-nın mövzularla zəngin konfransının Azərbaycanda yenidən keçirməsi üçün səylə çalışıb. Dövlət İmtahan Mərkəzi maraqlı və informativ elmi proqram, habelə Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində bir sıra sosial tədbirlər işləyib hazırlayıb:

"Konfransın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusu apardığımız araşdırmanın və tətbiq etdiyimiz təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini qoyur. Qoy bu konfrans zəngin ideya və diskussiyalarla, zəngin qarşılıqlı əlaqələrlə yadda qalsın, habelə təhsilin səmərəliliyini artırmaq və dünyanı daha da yaxşılaşdırmaq naminə birgə işləməyimizə kömək etsin".

aia.az
Geri dön