Ana Sayfa > Manşet / İqtisadiyyat > Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib


20-09-2019, 15:44. Yazar: sevinc1
Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib




Azərbaycanla Hindistan arasındakı iqtisadi əlaqələrin daha da genişləndirməsi üçün potensial imkanlar mövcuddur, ona görə də Azərbaycan ilə Hindistan sahibkarları daha sıx əməkdaşlıq etməlidirlər.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tərəfindən səsləndirilən bu fikir ətrafında fikir mübadiləsi aparılmış və qarşılıqlı faydalı təkliflər müzakirə edilmişdir.

M.Musayev bu sahədə görüləcək işlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstək verməyə hazır olduğunu bildirib. Konfederasiya prezidentinin sözlərinə görə, Hindistan ölkəmizdən neft və neft məhsulları idxal edən ən böyük tərəfdaşlardan biridir. Eyni zamanda Hindistanda əczaçılıq, informatika texnologiyaları, səhiyyə və digər sahələrdə sürətlə inkişaf gedir. Azərbaycandakı investisiya mühiti, sahibkarlığa dövlət dəstəyi, aparılan islahatlar haqqında qonağa geniş məlumat verən M.Musayev, Hindistan sahibkarlarını ölkəmizə investisiya yatırmağa dəvət edərək qeyd etdi: “Azərbaycan coğrafi baxımdan strateji bir məkanda yerləşir. Ölkəmizin müxtəlif regionlarında son illərdə sənaye parkları və sənaye məhəllələri yaradılmışdır. Hindistan tekstil, əczaçılıq sənayesi və digər sahələr üzrə həmin aqroparklara investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar”.

M.Musayev Hindistana planlaşdırılan səfəri ilə bağlı səfirə məlumat verərək, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri kimi sahibkar təşkilatları ilə görüşmək, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün münbit şəraitin və investisiya mühitinin olduğunu bildirdi.
Görüşdə Bavitlunq Vanlalvavna qeyd edib ki, hazırda hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar və bununla bağlı səfirliyə müraciət edilmişdir. Bu sorğulara dolğun cavab vermək və sərməyə üçün sahələrin cəlbediciliyi barədə bəzi sualları daha ətraflı cavablandırmaq üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstək verməsini xahiş edən səfir, əməkdaşlığı daha da genişləndirməyi təklif edib. Onun sözlərinə görə, bu ilin 6-8 noyabr tarixlərində Hindistanın Sənaye Korporasiyası Azərbaycana səfər edəcəkdir. “Nəzərdə tutulmuş bu səfər ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar yaradacaqdır. Ona görə də Hindistan nümayəndə heyətinin Azərbaycan Sahibkarlar Konfederasiyası üzvləri ilə görüşməsini vacib hesab edirik” deyə səfir vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti səfirə təkliflərinə görə təşəkkürünü bildirərək, Hindistan investorlarını maraqlandıran məsələlərdə yardımçı olacaqlarını söyləyib. M.Musayev əməkdaşlığın daha səmərəli şəkildə qurulması üçün hər iki ölkədən daha fəal və bu sahədə maraqlı olan sahibkarlardan ibarət ikitərəfli Sahibkarlar Şurasının yaradılması imkanlarını da nəzərdən keçirməyi təklif edib.

Müzakirələrin sonunda bütün təkliflər üzrə Hindistanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul əməkdaşlarına konkret tapşırıqlar verilmiş, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan maksimum istifadə olunması tapşırılmışdır.
Bununla da görüş başa çatmışdır.

aia.az
Geri dön