Ana Sayfa > Ölkə > Naxçıvanda qəbiristanlıqlarla bağlı
Naxçıvanda qəbiristanlıqlarla bağlı17-09-2019, 13:10. Yazar: sevinc1 |
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” haqqında qərarı təsdiqləyib. Azvision.az -ın məlumatına görə, qərarı Naxçıvan Muxtar Respublikanın Baş Naziri Əlövsət Baxşıyev imzalayıb. Qərara əsasən, muxtar respublikada qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələblər müəyyənləşib. Qəbiristanlıqlar 3 ay müddətində müvafiq bələdiyyələrə təhvil veriləcək. Qəbiristanlıqların reyestri Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Naxçıvan Muxtar Respublikasında Fəxri xiyabanların, Şəhidlər xiyabanlarının və kütləvi məzarlıqların salınması barədə qərar Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul ediləcək. Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədi ilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulub. Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 (min) nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən edilib. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər. Qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunacaq. Qəbiristanlığın növbəti il üçün gəlir və xərclərinin smetası hər il dekabrın 20-dən gec olmayaraq bələdiyyə iclasında təsdiq ediləcək və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə yerləşdiriləcək. Qərarda qeyd olunub ki, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılacaq. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulub. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilib. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol veriləcək. Geri dön |