Ana Sayfa > İdman > "Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki..."

"Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki..."


16-09-2019, 09:07. Yazar: sevinc1
"Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki..."


"Neftçi"nin futbolçusu Donald Gerye Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. aia.az qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə oyun haqda danışıb.

- Bu gün heç-heçə edə bilərdik. Qol epizodlarımız çox oldu. "Qarabağ" yaxşı komandadır. Məğlub olduq. Yəqin ki, hesab da oyuna görə idi. Növbəti matçlarda daha yaxşı çıxış etməyə çalışacağıq.

- Hiss olunurdu ki, qol vurmaq istəyirsiniz. Hətta, 2 zərbəniz dirəkdən qayıtdı. Bu qarşılaşmaya özünüzü "Qarabağa" sübut etmək üçün çıxmışdınız?

- "Qarabağ"da məni tanıyırlar. Özümü kiməsə sübut etmək fikrim yoxdur. Mən sadəcə öz oyunumu oynayıb, komandama faydalı olmağa çalışırdım.

- Belə bir məsələ vardı ki, "Qarabağdan" daha çox pul tələb etdiyinizə və klub bununla razılaşmadığına görə komandanı tərk etmisiniz. Haiti mətbuatında hələ də "Qarabağ"a qarşı kin saxladığınız barədə yazılar var idi. Bunlar doğrudurmu?

- Hər şey mənim elektron poçtumda var. Danışmışdıq ki, mən yeni müqavilə imzalayıram. Onlar iyul ayının 5-dək maaşın yarısını ödəməli idilər. Həmin vaxt hesabıma köçürmə olmadığını gördüm. Dedilər ki, gəl, bir matçda oyna, maaşının yarısını ödəyəcəyik. Bu, mənə sərf etmirdi. Əgər istəyirlərsə, hər şeyi sübut edə bilərəm.

- Maraqlıdır, nəyə görə məhz "Neftçi"yə keçdiniz? Başqa təkliflər var idi?

- Fransa və Türkiyədə oynamaq variantım oldu. Amma mən "Neftçi"ni seçdim. Onların işə yanaşması daha çox xoşuma gəldi.

- Soni Nordi "Zirə"yə transfer olunduqdan sonra "Ora sənin yerin deyil" deyə açıqlama vermişdiniz. "Zirə"ni, yoxsa Azərbaycan Premyer Liqasını nəzərdə tuturdunuz?

- Soni Nordi mənim çox yaxın dostumdur. Biz Haiti millisinin U-17, U-19 yığmalarında birgə çıxış etmişik. Hər gün danışırıq. O, bura gəlmədən öncə mənə yazırdı, soruşurdu. Mən də ona buradakı ən yaxşı klubların "Qarabağ"la "Neftçi" olduğunu bildirdim. Özü Azərbaycanda "Neftçi", "Zirə" və adı yadımda olmayan daha bir klubdan təklif aldığını demişdi. Mən isə "Belə imkanın varsa, "Neftçi"ni seç" cavabını vermişdim. Mən o sözlə demişdim ki, "Neftçi" variantın varsa, "Zirə" sənin səviyyən deyil. Amma futbol ictimaiyyəti bunu pis qarşıladı. Mən Azərbaycan çempionatını necə aşağılaya bilərəm ki, özüm burada oynayıram. Norde yüksək səviyyəli oyunçudur. Bunu nəzərə alaraq, onun paylaşımına elə bir şərh yazmışdım. Heç kimə heç nəyi sübut etmək istəmirəm. Öz ürəyim var, mən sizə, siz isə mənə hörmətlə yanaşırsınız.

- Düşünmürsünüzmü ki, "Qarabağ"la müqayisədə "Neftçi"də çempion olması çətin görünür?

- Futbolda mümkünsüz bir şey yoxdur. Düzdür, hazırda xal fərqimiz çoxdur. Amma çempionatın çox hissəsi irəlidədir. Döyüşsək və daha çox çalışıb-işləsək, hər şey real ola bilər. Özünüz də inanmasaydınız, jurnalist olmayacaqdınız. Sizin kimi biz də istəyimizə çatmaq istəyirik.


aia.az
Geri dön