Ana Sayfa > Təhsil > Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir
Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir12-09-2019, 10:32. Yazar: sevinc1 |
Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdlərə layiq görülüb. Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatdı. İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb. Belə ki, müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdüçüsü adını qazanıb. Qeyd edək ki, 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib. I qrup üzrə ən yüksək bal toplayan (690.5 bal) Əsmər Hacızadə Prezident təqaüdçüsü və Bakı Ali Neft Məktəbinin tələbəsidir. Ali Məktəb üzrə 11 nəfər 680-dən çox bal toplayıb. Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı isə 674.1 olub. Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarının, 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Bakı Ali Neft Məktəbinin 9 təqaüdçüsü Bakı, 14 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məzunlarıdır. Məlumat üçün bildirək ki, 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Prezident Fərmanı ilə təsis edilən Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manat müəyyən edilib. aia.az Geri dön |