Ana Sayfa > Təhsil > Ceyhun Bayramov:

Ceyhun Bayramov:


11-09-2019, 14:30. Yazar: sevinc1
Ceyhun Bayramov:



Növbəti tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ilkin olaraq müxtəlif bölgələr əhatə edilməklə, 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.

C.Bayramov, həmçinin tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47 930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib.

İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan nazir bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran C.Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.

Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran Təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək.

C.Bayramov qeyd edib ki, 2003-2018-ci illərdə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb, iki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib.

Nazir, eyni zamanda qeyd edib ki, şagirdlərin sağlam böyüməsi, fiziki və mənəvi inkişafı, düzgün dəyərlərin formalaşdırılması ən vacib istiqamətlərdəndir:

"Bu baxımdan Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında düzgün ünsiyyətin formalaşması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb edilməsi qarşımızda duran vəzifələrdəndir. Hesab edirik ki, məktəb rəhbərləri təhsil müəssisəsi daxilində istənilən neqativ halların aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar. 2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik".

aia.az
Geri dön