Ana Sayfa > Manşet / Ölkə > Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub

Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub


9-09-2019, 12:58. Yazar: sevinc1
Uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub


Yeni tədris ilinin başlanmasına artıq sayılı günlər qalıb. Tətildən qayıdan məktəblilərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrində ilkin hazırlıqlarını başa vurmuş uşaqlar da cəmi bir neçə gündən sonra orta məktəblərin birinci siniflərinə ilk dəfə qədəm qoyacaqlar. Bəs görəsən bu uşaqların hazırlıq səviyyələri müasir məktəbin tələblərinə nə dərəcədə cavab verir?

Qeyd etmək lazımdır ki, müxtəlif bağçaların fəaliyyəti müzakirə və müqayisə olunarkən bu və ya digər müəssisədə uşaqlar üçün yaradılmış şərait, onlara verilən qidanın keyfiyyəti və bir çox digər göstəricilərlə yanaşı məhz məktəbəqədər hazırlıq prosesinin, başqa sözlə desək, təlim-tərbiyə işinin necə təşkil olunması da valideynlər tərəfindən təfərrüatlarına qədər təhlil olunur. Etiraf etmək lazımdır ki, hələ bir neçə il bundan əvvələ qədər bu sahədə kifayət qədər boşluqlar var idi. Əksər bağçalar məhz məktəbəqədər təhsil müəssisəsi kimi deyil, sadəcə valideynləri məşğul olan uşaqların gün ərzində nəzarətdə qala biləcəkləri bir ev kimi fəaliyyət göstərirdi. Buna görə də, həmin müəssisələrə işə qəbul olunan tərbiyəçilərə və digər personala qarşı irəli sürülən tələblər də xeyli aşağı idi. Hamımız yaxşı xatırlayırıq ki, uşaq bağçalarında heç bir pedaqoji və ya digər müvafiq ixtisas təhsili olmayan olmayan kadrların çalışması da adi hal kimi qəbul olunurdu. Nəticədə isə bir çox məktəblərdə birinci sinif şagirdlərinin nəinki rəqəm və hərflərlə, hətta bəzən qələm və dəftərlə tanışlıqları da ilk dəfə baş verirdi. Bu isə tədris prosesini çətinləşdirir, uşaqların mövcud potensiallarının tam açılmasını əngəlləyirdi.

Lakin son illər uşaq bağçalarında vəziyyət kəskin şkildə dəyişib. Məlum olduğu kimi, 2012-ci ildən etibarən məktəbəqədər uşaq müəssisələrinin fəaliyyətinə nəzarət səlahiyyətləri Təhsil Nazirliyindən alınaraq icra strukturlarına verildi. Bundan sonra da paytaxtda fəaliyyət göstərən məktəbəqədər müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradıldı. Elə həmin vaxtdan da bu idarəyə Eldar Yunusov rəhbərlik edir. Etiraf olunmalıdır ki, aradan keçən müddət ərzində məhz bu idarənin effektiv fəaliyyəti sayəsində Bakı şəhərində məktəbəqədər uşaq müəssisələrinin işində nəzərə çarpan irəliləyişlərə, inkişafa nail olunmuşdur.

Qeyd edək ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əsas funksiyalarından biri tabeliyindəki dövlətə məxsus körpələr evlərində, uşaq bağçalarında, xüsusi uşaq bağçalarında, körpələr evi-uşaq bağçalarında, uşaq evlərində dövlət idarəçiliyini həyata keçirməkdir. Son bir neçə ildə formalaşmış ictimai rəyə görə də bu istiqamətdə idarənin rəhbərliyi tərəfindən aparılan işin effektivliyi kifayət qədər yüksəkdir. Artıq öz övladlarını dövlətə məxsus uşaq bağçalarına və digər məktəbəqədər uşaq müəssisələrinə etibar edən valideynlər də bu müəssisələrin fəaliyyəti üzərində dövlətin ciddi nəzarəti olduğuna tam əmindirlər. İdarənin fəaliyyət göstərdiyi illər ərzində bu kimi müəssisələrdə uşaqlara göstərilən xidmətlərin keyfiyyəti xeyli yüksəlib. Artıq uşaq bağçalarında ərzaq problemləri, peşəkar personal çatışmazlığı, məişət yönümlü nöqsanlar və digər bu kimi problemlər demək olar ki, unudulmaq üzrədir. Eyni zamanda da bu gün məktəbəqədər uşaq müəssisələrində məhz təlim-tərbiyə prosesindən irəli gələn məqsəd və vəzifələrin icrası əvvəlki illərə nisbətən çox-çox daha üstün səviyyədə həyata keçirilir. Şübhəsiz ki, bütün bu uğurların əldə edilməsində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusovun da danılmaz xidmətləri var. Məhz onun rəhbərliyi altında qurumun tabeliyindəki müəssisələrdə yeni bir inkişaf mərhələsi başlayıb. Artıq bu günün birinci sinif şagirdlərinin hazırlıq səviyyələri nəinki müasir tədris üsullarının tələblərinə uyğun gəlir, həm də bəzi hallarda bu uşaqlar öz yeni müəllimlərini yaxşı mənada heyrətləndirə də bilirlər. Bu günlərdə əməkdaşlarımız tərəfindən paytaxtın bir neçə orta məktəblərində, ibtidai sinif müəllimləri arasında keçirilmiş sorğunun nəticələri də bunu deməyə əsas verir. Belə ki, sorğuda iştirak edən müəllimlərin demək olar hamısı bu fikirlə tam razı olmuşdur ki, bu gün dövlət nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyətində təlim-tərbiyə işi kifayət qədər qənaətbəxş səviyyədə qurulub. Bu isə uşaqların məktəb proqramını daha rahat mənimsəmələrinə, tədris prosesində ləngimələrin minimuma endirilməsinə zəmin yaradır.

Bütün bunlar isə, sözsüz ki, dövlətimizin bu sahəyə olan qayğısını vətəndaşlara olduğu kimi çatdırmaq yönümündə məqsədyönlü fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin səmərəli işinin nəticəsidir. İdarənin işinin yüksək effektiliyini təmin edən əsas amillərdən biri isə əlbəttə ki, məhz Eldar müəllim tərəfindən qabaqcıl idarəçilik üsullarının inamla tətbiq edilməsidir.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön