Ana Sayfa > Manşet / İqtisadiyyat > Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək


5-09-2019, 16:30. Yazar: admin
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək


Bu il 14-15 oktyabrda Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək. Zirvə görüşü çərçivəsində Bakıda türkdilli dövlətlərin sahibkarlarının beynəlxalq biznes forumunun da təşkil olunması nəzərdə tutulmuşdur. Bununla bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin Bakı şəhərinə səfəri çərçivəsində onunla görüşmüşdür.
Görüşdə B.Amreyev Azərbaycanın Astanada ticarət evi açmasını böyük rəğbətlə qarşıladığını bildirərək, qarşıdakı sammitin mühüm hadisələrlə yadda qalacağına toxunub. Onun sözlərinə görə, bu tədbirdə Macarıstan hökumət nümayəndələri, o cümlədən Macarıstan Ticarət və Sənaye Palatası iştirak edəcəkdir. Eyni zamanda Özbəkistan və Türkmənistanla yanaşı Macarıstan da müşahidəçi qismində təmsil olunacaqdır.
Oktyabrın 5-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynlxalq biznes forum keçiriləcəyini vurğulayan Bağdad Amreyev, Konfederasiya üzvlərinin bu forumda geniş sahibkar heyətilə təmsil olunmasının məqsədəuyğunluğunu qeyd etdi.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Daşkənddə keçiriləcək biznes forumla bağlı Konfederasiyanın dəstək verəcəyini vurğulayıb. Məmməd Musayev həmçinin Bakı forumunun yüksək səviyyədə keçirilməsi üçün bütün imkanların səfərbər olunacağını və sahibkarların qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün şərait yaradılacağını bildirib.
Görüş əsnasında türkdilli dövlətlərin sahibkarları arasında öz fəallığı ilə seçilən iş adamlarının xüsusi olaraq mükafatlandırılacağı qeyd edilib. Belə ki, öz ölkəsindən əlavə daha iki türkdilli dövlətlərdə biznes quran, işgüzarlığı ilə seçilən şirkətlər bu mükafata layiq görüləcəklər.
Qeyd edək ki, oktyabrın 14-15 tarixlərində Bakıda keçiriləcək sammit və biznes forum “Türkdilli dövlətlərdə kiçik və orta sahibkarlığın inkişafı”na həsr olunacaq.
Məlumat üçün qeyd edək ki, ölkəmizin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29%, bu ilin yanvar-iyul ayı ərzində isə 32% artmışdır.
Xatırladaq ki, 17 may 2019-cu il tarixində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ticarət - sənaye palatalarının iştirakı ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis edilmişdir.
Geri dön