Ana Sayfa > Təhsil > UNEC-in Nizamnaməsi və “UNEC-100” İnkişaf Strategiyası kollektivə təqdim olundu
UNEC-in Nizamnaməsi və “UNEC-100” İnkişaf Strategiyası kollektivə təqdim olundu5-09-2019, 13:04. Yazar: sevinc1 |
UNEC-in Nizamnaməsi və “UNEC-100” İnkişaf Strategiyasından irəli gələn məsələlərin həlli məqsədilə fakültələrdə görüşlərə start verilib. UNEC-dən aia.az-a verilən məlumata görə, maliyyə və mühasibat fakültəsinin professor-müəllim heyəti ilə keçirilən görüşdə UNEC-in inzibati və təşkilatı məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov yeni tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edərək, işlərində uğurlar arzulayıb. Prorektor Şaiq Əsgərov “Publik hüquqi şəxslər haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərar qəbul etdiyini və 22 avqust 2019-cu ildə “Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Nizamnaməsi”nin təsdiqləndiyini bildirib. Sənədə görə, UNEC-in “Təhsil haqqında” Qanuna uyğun olaraq, müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Qanuna əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxs olduğunu diqqətə çatdırıb. Nizamnaməyə görə, UNEC-in idarə olunmasında dəyişikliklərin əks olunduğunu deyən Ş.Əsgərov universitetin ali idarəetmə orqanının Elmi Şura, strateji inkişaf məsələləri üzrə idarəetmə orqanının isə ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurası olduğunu bildirib. Tədbirdə Nizamnamədə əks olunan ümumi müddəalar, UNEC-in fəaliyyətinin məqsəd və istiqamətləri, vəzifə və hüquqları barədə professor-müəllim heyətinə ətraflı məlumat verilib, nizamnamədən irəli gələn məsələlərin yerinə yetirilməsi ilə bağlı kollektiv qarşısında duran vəzifələrdən söz açılıb. UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə “UNEC-100” İnkişaf Strategiyası (2019-2030)” barədə təqdimatla çıxış edib. UNEC-in Elmi Şurası tərəfindən qəbul edilən İnkişaf Strategiyasında həm ölkə ali təhsil sistemindəki, həm də dünya ali təhsil bazarındakı tendensiya və islahatların nəzərə alındığını bildirib. E.Bağırzadə UNEC-in missiyası, gələcəyə baxışı və əsas dəyərlərinin yer aldığı strategiyada universitetin SWOT təhlilinin aparıldığını və 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəfin müəyyən olunduğunu qeyd edib. Strategiyada qeyd olunan hədəf və məqsədlərin həyata keçirilməsi üçün konkret fəaliyyət istiqamətlərinin təsbit edildiyini diqqətə çatdıran rektorun müşaviri, strategiyanın uğurlu icrası üçün professor-müəllim heyətinin fəaliyyətinin müəyyən olunan hədəflər istiqamətində qurulmasının vacibliyini vurğulayıb. Tədbirdə UNEC-in elmi-tədqiqat sahəsində yüksək nəticələr əldə etdiyi və bir çox parametrlərə görə ölkədə bu istiqamətdə lider universitet olduğu açıqlanıb. “UNEC-100” İnkişaf Strategiyası”na uyğun görülən tədbirlər nəticəsində UNEC-in 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən birinə çevrilməsinin hədəfləndiyi bildirilib. Sonda professor-müəllim heyətinin “UNEC-100” İnkişaf Strategiyası (2019-2030)” və Nizamnaməsi barədə suallarını cavablandırılıb və təklifləri dinlənilib. aia.az Geri dön |