Ana Sayfa > Ölkə > İngilis mütəxəssislər Bakıda yenidən araşdırma apardı -
İngilis mütəxəssislər Bakıda yenidən araşdırma apardı -3-09-2019, 12:37. Yazar: sevinc1 |
Məlumat verildiyi kimi iyul ayından etibarən Bakı şəhərinin Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin icrasına başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətindən aia.az-a verilən məlumata görə, hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Maarifləndirici tədbirlər, evlərə paylanan broşurlar, bloklara yapışdırılan elanlar, həyətlərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini verib. Meydançalara lazımi miqdarda konteynerlər yerləşdirib, könüllülər gündəlik izahetmə işləri aparırlar. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində Bakıya növbəti dəfə ezam olunmuş "Mott MacDonald" şirkətinın səlahiyyətli nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Artur Guasti ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırıb. O, bildirib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsidir: "Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrini dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Burada əsas məqsəd hansı materialların uğurlu, hansının isə uğursuz toplanması, nələri az, nələri isə çox əldə edə bildiyimizi öyrənməkdir. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır. Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Ilkin günlərdə təkrar emal üçün yığılan tullantıların miqdarı 6 tona yaxın idisə, indi, işlərin başlanmasından 2 ay sonra gündəlik təkrar emal tullantılarının miqdarı 22 tona şatıb və bu göstərici artmaqda davam edir. Layihənin icrasının ilk 2 ayının nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Onlar operativ şəkildə aradan qaldırılır. Gündəlik olaraq “Təmiz şəhər” ASC-də oluruq və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırırıq". "Mott MacDonald" şirkətinın Tullantı Menecmenti məsləhətçisi Artur Guasti bildirib ki, bir sıra ölkələrin paytaxtlarından fərqli olaraq Bakı şəhərində bu layihənin tətbiqi çox uğurla keçir və yaxın gələcəkdə Nərimanov rayonu ilə yanaşı dıgər rayonlarda da tətbiq ediləcək. Hazırda isə həmin rayonlarda tullantıların kompozisiyalarının müəyyənləşdirilməsi işləri aparılır. aia.az Geri dön |