Ana Sayfa > Manşet / Ölkə > Uşaq bağçalarına qəbulda da şəffaflıq təmin edilib
Uşaq bağçalarına qəbulda da şəffaflıq təmin edilib19-08-2019, 12:06. Yazar: sevinc1 |
“Qəbulda da şəffaflıq təmin edilib, bağçaların özündə də qayda-qanun, nizam-intizam yaradılıb...” – oxucu öz məktubunda ekspertin rəyini təkzib etdi Məlum olduğu kimi, hal-hazırda respublika üzrə uşaq məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu davam edir. Təqdim olunan məlumata görə bu proses avqustun 31-nə qədər davam edəcək. Əvvəlki illərdən fərqli olaraq, bu il uşaq bağçalarına yeni qəbul qaydaları tətbiq olunur ki, bu da prosesin ilk növbədə şəffaflığını təmin edir. Söhbət əlbəttə ki, sənədləşmənin elektron qaydada həyata keçirilməsindən gedir. Düşünmək olardı ki, yeni qaydaların tətbiqi bir çox anlaşılmazlıqları aradan qaldıracaq. Lakin uşaq bağçalarına qəbul prosesi ətrafında mübahisəli fikir mübadilələri hələ də bitmir. Həm də maraqlısı budur ki, bir çox hallarda uşaq bağçalarına qəbul ətrafında kimlərinsə süni şəkildə ajiotaj yaratmaq niyyətləri özünü açıq-aşkar büruzə verir... Mətbuatda dərc olunan hər hansı informasiyanı, qarşıya qoyulan məqsəddən asılı olaraq, geniş oxucu kütləsi üçün daha maraqlı, daha inandırıcı və yaxud sadəcə daha oxunaqlı olmasını təmin etmək də yazı müəllifinin və ya mətn redaktorunun vəzifələrinə aiddir. Bunun üçün bir vasitələr mövcuddur. Məsələn, müəllif oxucu tərəfindən qəbul ediləcəyinə şübhə etdiyi hər hansı bir fikri öz adından deyil, mövzunun aid olduğu sahə üzrə hansısa bir ekspertin adından təqdim edir. Bu zaman oxucunun da həmin mülahizəni məhz mütəxəssis rəyi kimi qəbul edəcəyi ehtimalı yüksəlir. Amma əslində bu da bir ehtimaldır. Müasir oxucu isə, xüsusən də bilavasitə yaşadığı həyatın bir hissəsi olan sahələr barədə artıq hər deyilən sözə inanmır və hətta məqamı gələndə öz subyektiv rəyini də ictimailəşdirməyə çalışır. Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti oxucu məktubunun müəllifi də məhz uşaq bağçalarına qəbul barədə öz fikirlərini paylaşıb. Məktubda deyilir: “...Artq iki ildir ki, böyük nəvəmi yaxınlıqdakı uşaq bağçasına aparıb-gətirirəm. Bu il ikinci nəvəm ona qoşulacaq. Sənədlərin necə hazırlandığından, bağçaya necə təqdim olunmasından mənim heç xəbərim də olmadı. Oğlum dedi ki, bütün bu proseslər indi elektron qaydada və çox rahat şəkildə həyata keçirilir. Heç kim də bizdən nə bir qəpik pul istəmədi, nə də bizi get-gələ salan olmadı. Amma bu günlərdə saytların birində bunların tam əksini iddia edən bir yazı oxudum. Müəllif təhsil üzrə ekspert kimi təqdim etdiyi bir nəfərin fikirlərini qələmə almışdı. Yazını oxuduqca təxminən iyirmi il bundan əvvəl, öz uşaqlarımı bağçaya qoyduğum günlər yadıma düşdü. Ola bilsin ki, bu yazı da elə həmin vaxt yazılıb, amma indi dərc olunub. Çünki yazılanların bugünkü günlə heç bir uyğunluğu yoxdur. Çox maraqlıdır, görəsən həmin bu ekspert hansısa bir uşaq bağçasında olubmu? Yeni elektron qəbul formasından xəbəri varmı? Yoxsa bu da növbəti dəfə kiminsə kimnənsə acığını çıxmaq üçün yazılmış bir materialdır? Əgər obyektiv olmaq istəyiriksə, gərək düzünü danışaq. Həqiqət isə budur ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin uşaq bağçalarına nəzarət edən idarəsi (Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi – red.) öz işinin öhdəsindən çox yaxşı gəlir. Qəbulda da həm rahatlıq, həm şəffaflıq təmin edilib, bağçaların özündə də qayda-qanun, nizam-intizam yaradılıb...” Göründüyü kimi, rəylər müxtəlifdir. Amma istənilən halda, bizim üçün öz övladını hal-hazırda uşaq bağçasına qoymuş və oradakı proseslərlə bilavasitə tanış olan bir vətəndaşın rəyi ixtisası, peşəkarlığı və obyektivliyi dəqiq məlum olmayan bir ekspertin rəyindən daha əhəmiyyətlidir. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |