Ana Sayfa > Manşet / Ölkə > Bakıda 129 yaşlı binadan sakinlər köçürülür:
Bakıda 129 yaşlı binadan sakinlər köçürülür:30-07-2019, 10:00. Yazar: sevinc1 |
Ötən gün Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən, 1890-cı ildə tikilən binanın sökülməsi barədə məlumatlar yayılmışdı. Məlumata əsasən, vətəndaşlar söküləcək binanın yerində çoxmərtəbəli bina və ya ticarət obyektinin inşasından narahatdırlar. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən bina 1989-cu ildən etibarən qəzalı binalar siyahısına daxil edilib və vətəndaşların oradan köçürülməsinə başlanılıb: “Müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara əsasən, paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilib və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb. Qəzalı vəziyyətdə olan binalardan biri də Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb. Vaxtilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı qərarı ilə bina qəzalı hesab edilərək sakinlərin oradan köçürülməsinə başlanmışdı. Həmin ildə binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından burada boşalmış mənzillər məcburi köçkünlər tərəfindən zəbt olunmuşdu”. Onun sözlərinə görə, binadakı vəziyyət son illərdə daha da təhlükəli hal alıb: “2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləyib, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub. Hazırda binadan sakinlərin köçürülməsi işləri davam edir. Bununla əlaqədar bəzi sakinlər ayrılan kömpensasiyaların onları qane etməmələri və digər tələblər irəli sürərək öz narazılıqlarını bildirib”. İ.Kərimov əlavə edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov binanın son dərəcə qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayıb: “Buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız, qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ şəhər üzrə maksimum həddə müəyyən edilib. Yaşayış sahələrinin yenidən ölçülməsi ilə bağlı müvafiq tapşırıq verilib. Eyni zamanda, binada məskunlaşmış məcburi köçkünlərin yerləşdirilməsi və bu zaman onların arzu və istəklərinin nəzərə alınması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilib. Eldar Əzizov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu binada köçürülmə işlərinin tez bir zamanda həyata keçirilməsi, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırılar verilib, məsələ nəzarətə götürülüb. Bundan başqa, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olub, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olublar”. O qeyd edib ki, söküləcək binanın yerində hər hansı çoxmərtəbəli bina və ya ticarət obyektinin inşası nəzərdə tutulmur. Binanın tarixi baxımından mühafizə olunub-olunmadığına gəlincə, məsələ ilə əlaqədar Oxu.Az Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mövqeyini öyrənib. Qurumun mətbuat katibi Fariz Hüseynov bildirib ki, bina qurum tərəfindən mühafizə olunan binaların syahısına daxil deyil: “M.Əliyev küçəsi, 150 ünvanında yerləşən yaşayış binası tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələrinin siyahısına daxil deyil”. Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin tapşırıqları və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir. aia.az Geri dön |