Ana Sayfa > Ölkə > “Marş İrəli” iştirakçıları zirvəyə yürüş etdilər

“Marş İrəli” iştirakçıları zirvəyə yürüş etdilər


12-07-2019, 15:42. Yazar: sevinc1
“Marş İrəli” iştirakçıları zirvəyə yürüş etdilər


"Marş İrəli" iştirakçıları Ballıqaya ərazisində yerləşən "Hər şey vətən üçün" yazılan zirvəyə yürüş ediblər

"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə sayca 2-ci dəfədir açıq hava şəraitində keçirilən "Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi başa çatıb.

Goranboy rayonunda düşmənlə təmas xəttinə yaxın bölgədə keçirilən layihənin bağlanış mərasimində "İrəli” İctimai Birliyinin işçi heyəti, layihə iştirakçıları N saylı hərbi hissədə vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"İrəli” İctimai Birliyinin sədr müavini Orxan Rüstəmov, Goranboy rayon icra hakimiyyətinin sektor müdiri Faiq Muradov və Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov əsgər və komandir heyəti, qonaqları salamlayaraq Azərbaycan əsgərinin gücünə, iradəsinə xalqımızın inamının sonsuz olduğunu və bu kimi hərbi-vətənpərvərlik istiqamətində olan layihələrin əhəmiyyətli olduğunu bildiriblər. "İrəli” gəncləri hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, təlim-tədris mərkəzi, hərbi silah-sursat ilə tanış olublar. Daha sonra layihə iştirakçıları əsgər yeməyi yeyərək mədəni-əyləncəli proqramı izləyiblər. "İrəli” İctimia Birliyi tərəfindən həqiqi hərbi xidmət zamanı fərqlənən əsgərlərə fəxri fərman və dəyərli hədiyyələr verilib.

"Marş İrəli" layihəsinin ana məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək verməkdir.

Layihədə gender bərabərliyi qorunmaqla, respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən, yaşı 17-dən 25-ə qədər olan, 200-dən çox gənc iştirak edib. "Marş İrəli" iştirakçıları düşərgə ərazisindən Ballıqaya ərazisində yerləşən "Hər şey vətən üçün" yazılan zirvəyə yürüş ediblər. Layihə çərçivəsində iştirakçılar çoxnövçülük üzrə ip dartma, maneəli qaçış, bıçaq atma idman yarışlarında iştirak ediblər. Həmçinin, atıcılıq üzrə təlim keçirilib və daha sonra iştirakçılar atış bacarıqlarını sərgiləyiblər. İştirakçılara "özünü müdafiə", İlkin Tibbi Yardım təlimi keçirilib, hərbi sıra düzülüşləri öyrədilib. Gənclər şanlı qələbəmizin qəhrəmanları olan Aprel qaziləri ilə görüşüblər. Görüşdə vətənpərvər gənclik, həqiqi hərbi xidmət və Aprel Zəfəri haqqında müzakirələr aparılıb.

Vətənpərvərlik ruhunda böyüyən gəncliyin ərazi bütövlüyümüzün təmin olunmasına və qorunmasına hər an hazır olması və özünü hazır hiss etməsi layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir. Eyni zamanda müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkil edilməsi ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq da layihənin qarşısına qoyduğu əsas hədəflərdən biridir.

aia.az
Geri dön