Ana Sayfa > Ölkə > Hava qeyri-sabit keçəcək -

Hava qeyri-sabit keçəcək -


10-07-2019, 13:08. Yazar: sevinc1
Hava qeyri-sabit keçəcək -


İyul ayının birinci ongünlüyü demək olar ki qeyri-sabit keçir, keçən illərlə müqayisədə yağmurlu günlərin sayı da bir qədər çoxdur. Əgər keçən il iyul ayında rekord temperatur göstəriciləri qeydə alınırdısa, bu il temperatur iqlim normasına yaxındır.

Bu açıqlamanı jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva verib.

U.Tağıyeva deyib ki, iyulun 09-u günün ikinci yarısından 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərə xırda dənəli dolu düşüb:

"Ən çox düşən yağıntının miqdarı Xınalıq, Qrızda 35.0 mm (aylıq normanın 62%-i), Girdimançayda 29.4 mm, İsmayıllıda 21.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 20.0 mm (aylıq normanın 27%-i), Tərtərdə 19.0 mm (aylıq normanın 78%-i), Kişçayda (Şəki) 16.0 mm (aylıq normanın 12%-i), Qusarda 12.0 mm, Bərdədə 10.0 mm (aylıq normanın 41%-i), İvanovkada, Quba, Şahdağda 9.0 mm, Xaltan, Ağdamda 7.0 mm, Gədəbəydə 6.0 mm, Zərdab, Ordubadda 4.0 mm, Cəfərxan, Mərəzədə 3.0 mm, Ağsu, Sarıbaş (Qax), Göygöldə 2.0 mm, Ağdərədə (Ordubad), Oğuz, Zaqatala, Şəki, Xaçmaz, Yevlax, Göyçay, İmişli, Sabirabad, Qazıməmməd, Biləsuvar, Daşkəsəndə 0.0-1.0 mm olub".

Qurum rəsmisinin sözlərinə görə, bu gün ərzində ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir: "Mülayim və arabir güclənən qərb küləyi əsəcək. Əksər mərkəzi Aran rayonlarında havanın minimal temperaturu 20-25, maksimal temperatur isə 32-37 dərəcəyədək təşkil edəcək. Dağlıq rayonlarda gecə 11-16 dərəcə, gündüz isə 19-24 dərəcə isti olacaq".

U.Tağıyeva əlavə edib ki, Avropanın şimalından daxil olan və bu mövsüm üçün nisbətən sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini müəyyən edəcək: "Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən şimal-qərb və şimal küləklərinin axşam saatlarında zəifləyəcəyi gözlənilir. Havanın temperaturu 30-35 dərəcə təşkil edəcək ki, bu da bu ayın iqlim normasına yaxındır".

Meteohəssas insanların nəzərinə çatdırılır ki, iyulun 11-dən başlayaraq iyulun 12-si günün 1-ci yarısınadək atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


aia.az
Geri dön