Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-1 > Qanunun aliliyi etibarlı şəkildə təmin olunub

Qanunun aliliyi etibarlı şəkildə təmin olunub


10-07-2019, 11:20. Yazar: admin
Qanunun aliliyi etibarlı şəkildə təmin olunub




Xızı RPŞ-nin fəaliyyəti yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

“Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik.”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Etiraf etmək lazımdır ki, Azərbaycan öz müstəqilliyini qazandığı ilk gündən bu günə qədər bəzi üzdəniraq qüvvələr ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına can atırlar. Ona görə də, Azərbaycan polisi kriminogen durumu daim nəzarətdə saxlamaq, ictimai-siyasi sabitliyin pozulmasına yönələ biləcək hər cür təxribat xarakterli hərəkətlərin qarşısını vaxtında almaq, zamanında qabaqlayıcı tədbirlər görmək üçün ən müxtəlif layihələr həyata keçirir. Ötən illər ərzində ictimai-siyasi sabitliyi pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərən qüvvələr və onların havadarları, ilk növbədə, Azərbaycan polisinin qətiyyəti ilə rastlaşdılar. Azərbaycan polisi qanun çərçivəsində göstərdiyi qətiyyət sayəsində ictimai-siyasi asayişi pozmağa can atanlara aydın mesaj göndərdi ki, demokratiya ilk növbədə qanunlara hörmət və onlara riayət etmək deməkdir. Qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə, tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları da demokratiyanın bu fundamental prinsipinin işlək vəziyyətdə olmasına daim nəzarət edirlər.

Bu gün qanunun aliliyinin təmin olunması uğrunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin fədakarcasına çalışan struktur bölmələrindən biri də Xızı Rayon Polis şöbəsidir. Əminliklə demək olar ki, asayişin yüksək səviyyədə təminatına görə Xızı rayonunun əhalisi rayon polis şöbəsinin fəaliyyətini alqışlayır, zəhmətini yüksək qiymətləndirir. Tam səmimi olaraq demək lazımdır ki, vətəndaşlar rayon polisinin xidmətindən hər zaman razılıqla bəhs edirlər. Bu isə xidməti vəzifəsinə vicdanla yanaşan polis əməkdaşlarının hər bir vətəndaşa, hər bir insana qayğıkeş münasibətlərinin, eyni zamanda da asayişin qorunması baxımından son dərəcə qətiyyətli və hünərli olmalarının nəticəsində mümkün olur.

Xatırladaq ki, 2018- ci ilin may ayından etibarən Xızı RPŞ-nin rəisi vəzifəsinə Həmid Həsənov təyin edilib. Bundan əvvəl isə, Həmid Həsənov yenə də Xızı RPŞ-də cinayət axtarış bölməsinin rəisi vəzifəsində çalışırdı. Təbii ki, eyni bir rayon daxilində baş vermiş bu karyera yüksəlişinin ən əsas özəlliyi bundan ibarətdir ki, Həmid müəllim RPş-yə rəhbərlik etməyə başladığı zaman artıq həm ümumilikdə rayona, həm də bilavasitə özünün peşə səlahiyyətləri ilə bağlı mövcud duruma kifayət qədər yaxından bələd idi. Bu isə təbii ki, yeni polis rəisi kimi, onun vəziyyəti daha tez və daha əhatəli şəkildə nəzarətə götürə bilməsində böyük rol oynamış oldu. Məhz Həmid Həsənovun yüksək peşəkarlığı, özünə və rəhbərlik etdiyi heyətə qarşı tələbkarlığı, öz işində hər zaman xalqa və dövlətçiliyə sədaqət prinsiplərini rəhbər tutması sayəsində bu gün Xızı rayonunda cinayət hadisələrinin sayı xeyli azalmış, baş verən hadisələrin açılma faizi isə yüksəlmişdir.

Bir məqamı da qeyd edək ki, Həmid Həsənovun həm peşəkar, həm də insani keyfiyyətləri onun çalışdığı rayonun ictimaiyyəti tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Belə ki, polis rəisini qismən xarakterizə edən açıqlamalardan birində deyilir: “Xızı Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, xalqın və ölkə rəhbərliyinin etimadını yüksək səviyyədə doğrulda bilən insandır. Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Həmid Həsənov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, bu gün Xızıda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Xızı hazırda yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.”

Bütün bunlar deməyə əsas verir ki, bu gün ölkənin bütün digər regionlarında olduğu kimi Xızı rayonunda da ictimai asayişin qorunması, vətəndaşlarımızın qanuni hüquqlarının təmin olunması işi ən yüksək səviyyədə həyata keçirilir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov

Geri dön