Ana Sayfa > Karusel / Siyasət > Elmar Məmmədyarov:

Elmar Məmmədyarov:


9-07-2019, 12:49. Yazar: sevinc1
Elmar Məmmədyarov:


“Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsi çox əlamətdar bir tarixə təsadüf edir. Bu gün biz Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramının yüzilliyini böyük qürur hissi ilə qeyd edirik”.



Modern.az xəbər verir ki, bu sözləri diplomatik xidmət orqanları rəhbərlərinin VI müşavirəsində Xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki,

Yüz il bundan öncə Birinci dünya müharibəsindən sonra cərəyan edən gərgin bir dövrdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək üçün müsəlman şərqində ilk Respublikanın Xarici İşlər Nazirliyi təsis edilib.



“Şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən çoxşaxəli diplomatik fəaliyyətə başlamış, lakin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunması məhz 9 iyul 1919-cu il tarixinə təsadüf etdiyindən, Azərbaycan Respublikası Prezidentinin 2356 saylı, 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib”.

Elmar Məmmədyarov, “Sovet işğalı nəticəsində Cümhuriyyətimizin qısa ömür yaşamasına baxmayaraq, ilk Respublikanın Xarici İşlər Nazirliyinin diplomatik heyəti geniş təcrübəyə yiyələnmiş, mühüm nailiyyətlər əldə etmiş və müstəqil xarici siyasət fəaliyyətimizin əsasını qoyublar” – deyə fikirlərinə davam edib:

“1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycan xalqı öz milli istiqlaliyyətini yenidən bərpa edə bilib. Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və kəskin daxili çaxnaşmaların hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına o zaman bir çoxları inanmırdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycanda sabitlik və inkişafın təməlini qoydu. Ulu Öndərin əsas məqsədi Azərbaycanı daha qüdrətli və zəngin dövlətə çevirmək, dünya birliyində nüfuzunu daha da möhkəmləndirmək və əsl söz sahibinə çevirmək idi və bu hədəflərə də şərəflə nail olundu”.



Nazir bildirib ki, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, milli maraqlarımıza əsaslanan Azərbaycanın müasir xarici siyasət strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün müvəffəqiyyətlə davam etdirilir.

“Hal-hazırda qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, iqtisadi sanksiyalar və humanitar böhran vəziyyəti daha da kəskinləşdirilib. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki mövqe və nüfuzunu daha da möhkəmləndirməyə müvəffəq olub”.

“Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti, ilk növbədə, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun beynəlxalq sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsinə xidmət edən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulub” deyə Elmar Məmmədyarov fikirlərinə davam edib:

“Bu gün beynəlxalq ictimaiyyət birmənalı şəkildə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində onun suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunması BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının məlum qətnamələri ilə yanaşı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərarlarında da öz əksini tapır”.



Xarici işlər nazirinin sözlərinə görə, Azərbaycan qonşu və uzaq dövlətlərlə tərəfdaşlıq münasibətlərini müvəffəqiyyətlə inkişaf etdirərək, üçtərəfli və dördtərəfli əsaslarda yeni əməkdaşlıq çərçivələrinin əsasını qoymuş və dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid almasını təmin edib.

“Ötən müşavirədən keçən dövr ərzində Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikası və İraq Respublikasında səfirlikləri, Kolumbiya, Çili, Uruqvay və Peruda diplomatik ofisləri açılıb, Avstriya, Sudan, Cibuti, Paraqvay, İtaliya və Maltada yeni fəxri konsulluqları fəaliyyətə başlayıb. Azərbaycanda isə Peru, Kosta-Rika, Meksika, Venesuela və Çilinin səfirlikləri, Əlcəzair, Portuqaliya, Xorvatiya, Estoniya və Monteneqronun diplomatik ofisləri, həmçinin San Marino, Sloveniya, Makedoniya və Efiopiyanın fəxri konsulluqları açılıb. Azərbaycan Respublikası ilə Tanzaniya Respublikası, Vanuatu Respublikası, Baham Adaları Birliyi, Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub”.



Elmar Məmmədyarov bildirib ki, hazırda Azərbaycan Respublikasının xarici dövlətlərdə 59 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 Baş konsulluğu, 11 təmsilçilik ofisi və 15 fəxri konsulluğu fəaliyyət göstərir.

“Ölkəmizdə isə 66 dövlətin səfirliyi, 4 Baş konsulluq, 13 fəxri konsulluq və 22 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur”.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bundan sonra da beynəlxalq münasibətlər sistemində Azərbaycanın dövlət maraqları və milli mənafeyinin layiqincə qorunması və təmin olunması istiqamətində müstəqil və çevik xarici siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsidir” – deyə nazir əlavə edib:

“Vaxtilə ümummilli lider Heydər Əliyevin söylədiyi: "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir" fikri tərəfinizdən apardığınız uzaqgörən siyasət nəticəsində artıq özünü tam doğruldub. Bu gün Azərbaycan bölgənin qabaqcıl dövləti qismində dünyada öz layiqli yerini tutmuşdur və hər bir azərbaycanlı öz dövləti və milli mənsubiyyəti ilə iftixar hissi duyur.

Əminəm ki, Azərbaycan diplomatları tarixi irsimizə sədaqətləri ilə 100 illik Azərbaycan diplomatiyasının şərəfini bundan sonra da layiqincə davam etdirəcək, milli maraqlarımızın beynəlxalq müstəvidə təmin edilməsi və irəlilədilməsi istiqamətində səylərini daha da artıracaqlar”.


aia.az
Geri dön