Ana Sayfa > Təhsil > Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı
Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı8-07-2019, 15:48. Yazar: sevinc1 |
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarında keçid balının ötənilki səviyyədə olacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə bugündən başlayan test imtahanları iyulun 24-ə kimi davam edəcək. Ümumilikdə, 15 gün ərzində hər gün 3200 namizədin imtahan verməsi planlaşdırılır. İndiyədək namizədlərin davamiyyətinin 83 faiz təşkil etdiyini deyən M.Camalzadə əlavə edib ki, əvvəlki illərdə keçid balları həvəsləndirmə tədbirləri tətbiq edilən vakant yerlər üçün 36, həvəsləndirmə tədbirləri tətbiq edilməyən vakant yerlər üçün 48 olub: "Güman edilir ki, bu il də keçid balları həmin səviyyədə qalacaq". Qeyd edək ki, ilk imtahan alman dili və tarix üzrədir. Fizika, fransız dili və musiqi üzrə 9 iyul, informatika və rus dili üzrə 10 iyul, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyatı üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. aia.az Geri dön |