Ana Sayfa > Gündəm / Təhsil / Manşet / Karusel > Dövlət Sosial-İqtisad Kolleci problemlər məngənəsində

Dövlət Sosial-İqtisad Kolleci problemlər məngənəsində


22-01-2016, 14:01. Yazar: admin
Dövlət Sosial-İqtisad Kolleci problemlər məngənəsində


Direktor İlham Vəliyevin öz işində yol verdiyi özbaşnalıqlar və ciddi qanun pozuntuları Təhsil Nazirliyinin diqqətindən yayındırılır
image here
İlham Vəliyevin rəhbərlik etdiyi Bakı Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyəti bu gün nə burda təhsil alan gənc nəslin formalaşması baxımından, nə də ümumilikdə cəmiyyətimizin maddi-sosial rifahının yüksəlişi baxımından əslində heç də qənaətbəxş hesab oluna bilməz. Bu iddia artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda öz əksini tapmaqdadır. Həmin məlumatlarda bildirilir ki, ölkəmizdə həyata keçirilən əsaslı təhsil islahatları bu kollecdə öz təzahürlərini hələ də tapa bilmir. Digər tərəfdən isə, İlham Vəliyevin öz işində yol verdiyi özbaşnalıqlar və ciddi qanun pozuntuları Təhsil Nazirliyinin diqqətindən də məharətlə yayındırılır. Məlum olduğu kimi, hələ 2013-cü ilin fevral ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu təhsil müəssisəsində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilmişdi. Keçirilən anti-korrupsiya əməliyyatı zamanı kollecin bir neçə əməkdaşına qarşı ittiham irəli sürülərək, barələrində həbs qətimkan tədbiri seçilmişdi. Bundan sonra kollecə nazir Mikayıl Cabbarovun əmri ilə İlham Vəliyev direktor təyin edildi. Lakin, artıq üç ilə yaxın bu təhsil ocağına rəhbərlik edən İlham Vəliyev, əvvəllər kollecdə mövcud olan neqativ halları nəinki aradan qaldırmayıb, hətta iddialara görə, problemlərin sayı daha da artıb. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, son vaxtlar kollecdə təhsilin səviyyəsi xeyli aşağı düşüb. Kollecdəki mənbələr bildirir ki, İlham Vəliyevin bu müddət ərzində həyata keçirdiyi “islahatları” heç də mütərəqqi adlandırmaq olmaz. Belə ki, kollecdə elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir. Məsələn, bu gün Bakı Dövlət Sosial-İqtisad Kollecində sessiyanı “uğurla” başa vurmağın qiyməti artıq 300-350 manat məbləğində müəyyənləşdirilib. Qeyd edək ki, ən son aldığımız açıqlamalara görə, kollecdə yeni başa çatmış qış imtahan sessiyasında hətta bu qiymətlər də “manatın devalvasiyası səbəbilə” bir qədər artırılmışdı. Bundan başqa, aldığımız açıqlamalara görə, kollecə yeni qəbul olmuş tələbələr növbəti dərs ili başlayandan tələbə biletlərini və qiymət kitabçalarını almaq üçün get-gələ salınırlar. Bəzi imkanlı tələbələr isə, rüşvət müqabilində dərslərdən azad olunurlar ki, bu da birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Öz növbəsində bu hal da əlbəttə ki, kollecdə tədrisin səviyyəsinə öz mənfi təsirini göstərməyə bilməz. Digər tərəfdən isə, aldığımız məlumatlarda məxsusi olaraq, kollecin qiyabi təhsil şöbəsinin müdiri Adil Gülalıyevin özbaşınalıqlarından bəhs edən açıqlamaların çoxluğu diqqəti cəlb edir. Belə ki, mövzuya dair dərc etdiyimiz ötən materialda biz kollecin məzunlarından birinin verdiyi açıqlamaya istinadən bildirmişdik ki, həmin şəxsin burada təhsil aldığı müddətdə, onun 6 sessiyaya 2 min manat məbləğində “xərci” çıxmışdır. Bu barədə açıqlama verən Ələddin Rüstəmli öz ərizəsində bəzi məqamlara belə aydınlıq gətirir: “Adil Gülalıyev heç nədən qorxusu olmadığını vurğulayaraq, hər dəfə müəllim adına yaraşmayan, qeyri-insani davranışları ilə diqqəti cəlb etmişdir. Gülnar Rüstəmlinin kollecdə təhsil aldığı bütün müddət ərzində, şöbə müdiri ondan ümumilikdə 2000 (iki min) manatdan artıq pul almışdır. Aydındır ki, Adil Gülalıyevin bu çirkin əməllərindən Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru İlham Vəliyevin də xəbəri olmamış deyil. Belə olmasaydı şöbə müdiri direktorun da “bığının altından keçdiyini” hər dəfə vurğulamazdı...”

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.
Geri dön