Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda kəskin istilərin səbəbləri

Azərbaycanda kəskin istilərin səbəbləri


25-06-2019, 16:54. Yazar: sevinc1
Azərbaycanda kəskin istilərin səbəbləri




“Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur. Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir”.



Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir.

“Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir. Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb. Bakıda 37, Abşeron yarımdasında 39,6, Aran rayonlarında 40-42 dərəcə isti olub ki, bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir".

U.Tağıyeva əlavə edib ki, son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir.

Onun sözlərinə görə, anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır:

"Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Analar uşaqları Günəş şüasından qorusunlar, yaşlı insanların Günəşin altında olmaları məsləhət deyil".

U.Tağıyeva qeyd edib ki, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin, təhlükəli hadisələrin artması ilə səciyyələnir:

"Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər. Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır. Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”.

aia.az
Geri dön