Ana Sayfa > Manşet / Ölkə > “Yol polisini hər adama etibar etmək olmaz” - General Zeynalovla bağlı məsələyə deputatdan münasibət
“Yol polisini hər adama etibar etmək olmaz” - General Zeynalovla bağlı məsələyə deputatdan münasibət24-06-2019, 13:11. Yazar: admin |
Ölkə başçısı İlham Əliyevin ötən ildən start verdiyi struktur islahatları iyunun 20-də imzaladığı sərəncamlarla davam etdirildi. Ölkə rəhbərinin qərarı ilə daxili işlər naziri Ramil Usubovu Vilayət Eyvazov əvəz etdi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev müdafiə sənayesi naziri postuna aparıldı. Onu DTX-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyev əvəzlədi. Hökumət nümayəndələri struktur islahatlarının davam etdiriləcəyini, daha bir neçə vəzifəli şəxsin vəzifədən azad ediləcəyini bildirir. Müzakirələrdə adı hallananlardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru, 68 yaşlı Ramiz Zeynalovdur. R.Zeynalov 25 ildir bu vəzifədədir... Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a deyib ki, vəzifə yox, o vəzifəyə nə dərəcədə layiq olmaq önəmlidir: “Son təyinatlar ona görə cəmiyyətdə normal dəstəklə qarşılandı ki, həmin vəzifələrə peşəkarlar gətirildi. Ramiz Zeynalov da Azərbaycanda bu sahədə ən peşəkar məmurlardan biridir və öz sahəsinə yüksək səviyyədə xidmət edir. Yol hərəkətinin tənzimlənməsi çox ağır sahədir. Bu vəzifəyə kimi gəldi təyin etmək, yolu kimə gəldi etibar etmək olmaz. Məhz təcrübəsinə, peşəkarlğına görə Ramiz Zeynalov uzun müddətdir bu vəzifədə təmsil olunur. Hesab edirəm ki, bundan sonra da etimad göstərilə bilər”. F.Mustafa Ramiz Zeynalovun vəzifədən göndəriləcəyi üzərində formalaşdırılan fikirlərin anlaşılan olmadığını vurğulayıb. General Ramiz Zeynalov 25 ildir ki, respublikanın yol polisinə rəhbərlik edir. Yerli media illərdir general Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad ediləcəyini yazsa da, hələ ki bu proqnozların heç biri özünü doğrultmur. Ramiz Zeynalov 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlayıb. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirib.1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilib. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru" rütbəsi verilib. 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib. Ailəlidir, bir övladı var. AİA.Az Geri dön |