Ana Sayfa > Ölkə > Nazirlik dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaş artımını şərh etdi

Nazirlik dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaş artımını şərh etdi


19-06-2019, 12:12. Yazar: sevinc1
Nazirlik dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaş artımını şərh etdi


Prezident İlham Əliyevin sosial islahatlar paketi ölkədə əməkhaqqı səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasında geniş əhali kateqorioyalarını əhatə edən yeni addımların atılması ilə nəticələnir.



Bu haqda Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.



Dövlət başçısının 18 iyun 2019-cu il tarixli “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da bu sahədə növbəti mühüm addım olmaqla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir. Sənəddə həmin təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur.



Onların sırasına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri daxildir.



Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılır. Həmçinin Nazirlər Kabinetinə tapşırılır ki, qeyd edilən rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin.



Göründüyü kimi, dövlət başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir.


aia.az
Geri dön