Ana Sayfa > Manşet / Təhsil > DİM sədri ilə jurnalist arasında “700 bal qalmaqalı”
DİM sədri ilə jurnalist arasında “700 bal qalmaqalı”4-06-2019, 16:58. Yazar: sevinc1 |
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə musavat.com saytının baş redaktoru Xalid Kazımlının tənqidi yazısına geniş yazı ilə cavab verib. X.Kazımlı DİM rəhbərliyini bu il qəbul imtahanlarında heç bir abituriyentin 700 bal toplamamasına görə tənqid etmişdi. M.Abbaszadə "700 bal toplayanlardan ötrü "ah-nalə”” adlı yazısında bildirib ki, statistikanı təqdim edib və pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün olmadığını deyib. DİM sədrinin bu yazısından sonra isə X.Kazımlı ona cavab yazıb. Bakupost.az ardıcıl olaraq Məleykə Abbaszadənin və Xalid Kazımlının yazılarını təqdim edir: ** "Bəzilərinin öyüd-nəsihətlərinə cavab. İlk olaraq, kütləvi test imtahanlarının keçirildiyi illərdə 700 bal toplayan abituriyentlərlə bağlı statistikanı rəsmi surətdə təqdim edirik. Cədvəldən də göründüyü kimi, test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. Vurğulamaq lazımdır ki, bundan öncə 2001-ci ildə ölkə Prezidentinin müvafiq Fərmanına əsasən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdü təyin edilmişdir. Bununla da, abituriyentlərdə nəinki bu və ya digər ixtisasa qəbul olunmaq üçün tələb olunan balları toplamaq, eyni zamanda təqaüd almaq üçün öz ixtisas qrupunda birinci olmağa motivasiya yaranmışdır. Məhz bunun nəticəsində 2007-ci ildə ilk "700 ballı”ları müşahidə etdik. Qeyd etmək lazımdır ki, pedaqoji nöqteyi-nəzərdən 650 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək düzgün deyil. Onların hamısı çox savadlı və məqsədyönlü şəxslərdir. Lakin müsabiqənin xüsusiyyətləri və abituriyentlərin iddia etdikləri müxtəlif ixtisaslarda yerlərin məhdud sayı konkret bir parametrin, yəni bədnam insan amili olmadan (insan amili dedikdə, tapşırıq və ya pul ilə nəyisə həll etmək nəzərdə tutulur) abituriyentləri sıralamağa imkan verən balın zəruriliyini diktə edir. Ballar məhz bunun üçün lazımdır. İkincisi, bəzi yazılarda DİM-in əvvəlki fəaliyyətinin İsveçrə saatının işi ilə müqayisəsi, əlbəttə ki, bizə xoş gəlməyə bilməz, lakin əfsuslar olsun ki, bu ifadə elə bir kontekstdə verilib ki, elə bil müəllif bu İsveçrə saatını bizə 27 il əvvəl hədiyyə edib, biz müvəffəqiyyətlə ondan istifadə etmişik, indi isə onu sökməyə qərar vermişik. Nəzərinizə çatdırırıq ki, DİM-in strukturu açıq sosio-texniki sistem kimi son 25 il ərzində formalaşmışdır. Bu sistem kütləvi prosesləri və 2 milyondan artıq insan haqqında verilənlər bazasını idarə etməyə imkan verən, xüsusi olaraq qurulmuş aparat-texnoloji istehsalatdan ibarətdir. Bu da İT mütəxəssisləri kollektivinin gərgin əməyinin nəticəsidir. DİM-in strukturuna, həmçinin menecerlərin, imtahana cəlb olunan nəzarətçi və imtahan rəhbərlərinin, markerlərin hazırlanması və təkmilləşdirilməsi, bu mütəxəssislərin sertifikatlaşdırılması sistemi də daxildir və bütün bunlar saat kimi işləyir! DİM-in strukturuna keçirdiyimiz bütün imtahan növlərinin məzmununun formalaşdırılmasını və təhlilini həyata keçirən elmi-metodiki bölmələr də daxildir. Bu işdə 5 mindən çox ekspert – alim və pedaqoq iştirak edir. Artıq indidən 2020-25-ci illərdə həyata keçiriləcək imtahanların məzmununu müzakirəyə çıxaran onlarla ekspert şuraları var və onlar da saat kimi işləyir! DİM-in strukturuna imtahanların maddi təchizatı və prosesin logistikası ilə məşğul olan bölmələr də daxildir. DİM-in strukturuna bütün prosesləri müşayiət edən hüquqi və psixoloji xidmətlər də daxildir. DİM-in strukturuna elektron xidmətlərin göstərilməsi və bütün kütləvi proseslərin informasiya təminatı daxildir və bütün bunlar saat kimi işləyir! Nəhayət, DİM-in tərkibinə hər il keçirilən bütün imtahanların nəticələri əsasında statistik araşdırmalar apararaq ictimaiyyətin diqqətinə təqdim edən analitik bölmə daxildir. "Abituriyent” jurnalının 12-ci sayı dərc olunur, regionlar üzrə məlumatlar məcmuə şəklində hər bir rayona göndərilir, məktəblər üzrə məlumatlar "Mənim məktəbim” saytında, bütün statistik məlumatlar DİM saytının "Tədqiqat” bölməsində yerləşdirilir. Yeri gəlmişkən, 2018/2019-cu tədris ili üzrə "Abituriyent” jurnalının 12-ci sayı işıq üzü görmüşdür, hər kəs oradakı məlumatlarla tanış ola bilər. Ölkənin təhsil və qiymətləndirmə sistemlərinin yaxşılaşdırılmasına dair məsləhətlər verənlərə sualım var: siz hansı göstəriciləri yaxşılaşdırmağı təklif edirsiniz? 2018/2019-cu tədris ili üzrə "Abituriyent” jurnalının 12-ci sayı 6 paraqrafdan və 517 səhifədən ibarətdir. Jurnalın birinci paraqrafının 1-ci hissəsi "Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul” başlığı altında, 24 qrafik və 71 cədvəldən ibarət olan statistik təhlilin nəticəsi kimi təqdim olunmuşdur. Sizin fikrinizcə, biz nəyin səviyyəsini aşağı salmışıq? Yaxud, əksinə, qaldırmışıq? Təhsil sistemi qarşısında duran məsələlərin hər zaman çoxparametrli olduğunu, yoxsa məktəb təhsilinin əsas məqsədi kimi şagirdlərin şəxsiyyətyönümlü inkişafının qoyulmasını və bu məqsədin başqalarının əməyi hesabına özlərini "piar” edənlərin məqsədlərindən fərqli olduğunu? Aydın məsələdir. Lakin bizi daha çox incidən başqa məsələdir: Hökuməti tənqid etməzdən əvvəl heç olmazsa, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün təsdiq olunmuş dövlət sifarişi üzrə proqnozla tanış olun. Dövlət sifarişi üzrə yerlərin sayı bu il ötən illə müqayisədə 12 mindən 20 minədək artmışdır. Yəni bu il dövlət sifarişi əsasında təhsil almaq imkanını əldə edən abituriyentlərin sayı 8 min nəfər çox olacaq. Hörmətli cənablar, əziyyət olsa da, bu il üçün qəbul qaydaları ilə də tanış olun. Dövlət sifarişi əsasında qəbul aparılan yerlər üzrə müsabiqə şərtləri keçən ilə nisbətən liberallaşdırılmışdır. Bu şərtlər ümumi müsabiqəyə buraxılma şərtlərindən fərqlənmir, keçən ilə nisbətən isə 50-100 bal aşağı salınıb (bax: cədvəl 2). İndi deyin, kim gənclərin taleyini düşünür? İmtahan modelini dəyişməklə DİM hansı gizli məqsədləri güdür? Bunlar, əlbəttə, ritorik suallardır. Lakin biz ruhdan düşmürük. Bu il 22-27 sentyabrda Bakıda artıq ikinci dəfə (birinci dəfə 2007-ci ildə də keçirilmişdir) Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (IAEA - International Association for Educational Assessment) "Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları" mövzusunda konfransı keçiriləcək. 45 ölkədən 169 elmi mühazirə qeydə alınmışdır. Azərbaycandan 14 nəfər qeydiyyatdan keçib. Müqayisə üçün deyək ki, Böyük Britaniya və ABŞ-dan müvafiq olaraq 17 və 11 nəfər qeydiyyatdan keçib. İştirakçıların sayını müqayisə edin. Bəs ölkədə təhsilin keyfiyyətinə can yandıran öz mütəxəssislərimiz hardadırlar? Konfransda iştirak üçün qeydiyyat davam edir. Bütün arzu edənləri işimizin keyfiyyətini müzakirə etməyə, ən əsası isə təhsil sisteminin inkişafı üçün hazır reseptə malik olanları vaxt tapıb beynəlxalq elmi-praktik konfransda iştirak etməyə dəvət edirik. Həm də İsveçrə saatının işini də müzakirə edərik (İsveçrədən 2 iştirakçı qeydə alınmışdır)". ** DİM rəhbərinin bu yazısına Xalid Kazımlının cavabı gecişməyib. Həmin yazını da olduğu kimi təqdim edirik: Öncədən deyim ki, Dövlət İmtahan Mərkəzindən və onun hazırkı rəhbərliyindən şəxsi planda heç bir incikliyim, umu-küsüm yoxdur. Əksinə, övladlarım son 10 ildə DİM-in təşkil etdiyi imtahanlardan altı dəfə (iki halda bakalavr pilləsinə, iki halda magistraturaya, daha iki halda dövlət qulluğuna) keçib, altısında da maksimum ballar toplayıblar. Bir övladım iki universiteti (BDU və İqtisad Universitetini) qırmızı diplomla, o biri övladım isə BDU-nun Hüquq fakültəsinin həm bakalavr, həm də magistr pilləsini qırmızı diplomlarla bitirib. Bütün bunlar DİM-in təşkil etdiyi şəffaf və dürüst imtahanların nəticəsində mümkün olub. DİM-in Direktorlar Şurasının rəhbəri, hörmətli Məleykə Abbaszadənin təbirincə desək, mənim "ah-naləm” özümdən, öz övladlarımdan ötrü deyil, xalqın, millətin övladlarının gələcəyindən, ölkənin təhsil sferasının sabahından ötrüdür. İstədiyim, umacağım odur ki, İsveçrə saatı kimi dəqiq işləyən mexanizmə malik olan DİM bu cür, özünü yavaş-yavaş təkmilləşdirərək, işinin səmərəliliyini artıraraq davam etsin, radikal islahatlarla qurulu mexanizmi bərbad etməsin. 700 bal söhbəti məsələnin xırda bir nüansıdır və ondan ötrü ah-fəqan edən yoxdur. Mənim yazımda bu, yuxarı hədd olduğu, çempionatın kuboku rolu oynadığı üçün yazının başlığına çıxarılıb. Söhbət ondan gedir ki, bütün abituriyentlərin topladığı ballar müvafiq olaraq azalıb və öncəki illərdə keçid balını birtəhər toplayan yüzlərlə, bəlkə də minlərlə abituriyent artıq tələbə ola, təhsillərini davam etdirə bilməyəcəklər. DİM rəhbəri yazdığı məqalədə 1992-2018-ci illər arasında 700 bal toplayanların statistikasını verib, belə aydın olur ki, abituriyentlər 700 balı toplamağa uzun illərdən sonra, ilk dəfə 2007-ci ildə nail olublar. Sonra ardı gəlib: 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə toplam olaraq 111 abituriyent 700 bal toplayıb. Ötən il 29 (rekord) abituriyent 700 bal toplayıb. Bu il isə belə oldu. Demək, ortada bir tənəzzül qeydə alındı. Bu isə heç də təhsil sferasının günahı deyil. Çünki universitetə hazırlaşan abituriyentlər ötən il də hazırlıq kurslarının, fərdi repetitorların xidmətindən yararlanırdılar, bu il də elə edirlər, hətta daha artıq səy göstərir, daha artıq əziyyət çəkirlər. Demək, imtahanın təşkilində tətbiq edilən yenilik abituriyentləri daha da çətinə salıb, onların yükünü daha da artırıb. Bəzi ekspertlər elə şərhlər verirlər, sanki abituriyent universitetə daxil olarkən yüksək ixtisaslı mütəxəssis, akademik biliyə sahib olan elm adamı səviyyəsində olmalıdır. Bilmək lazımdır ki, bunlar 17-18 yaşlı gənclərdir, elm, savad almaq üçün onların beyni hələ indi-indi qırışır, önlərində 5-6 il vaxtları var ki, yüksək ixtisaslı mütəxəssisə çevrilsinlər. İndidən onları bu qədər yükləmək, çətin fənlərin ağır yükü altında əzmək nəyə lazımdır? Dünənin uşağından analitik təfəkkür gözləmək də absurddur. Belə şeyləri universitetdə öyrənməyə başlayır, bir ömür boyu da inkişaf etdirirlər. Hansısa fəndən 25 sualın 25-nə də düzgün cavab vermək asan məsələ deyil. Özümdən götürürəm, ikinci övladım 3-cü qrupa hazırlaşanda tarix fənnindən də imtahan verməliydi (sonda 660 balla qəbul olundu). O, 25 sualı düzgün cavablandırmaqdan ötrü 12 tarix kitabı oxudu, ən kiçiyi 450 səhifə idi. Yüz minlərlə detalı, təfərrüatı yadda saxlamaq heç kəsə asan gəlməsin. "Abituriyentlər şablonlaşmışdı”, "əzbərçilik müşahidə olunurdu” deyənlər bunu nəzərə alsınlar. Kağıza baxmadan yeddi cümləni ard-arda düzüb danışmaq olmur. Amma 5 min səhifəlik kitabın hər səhifəsindən xəbər verən abituriyentləri əzbərçilikdə ittiham edəndə, aşağılayıcı tərzdə "700 balçılar”, "700 balniki” adlandıranda, bu, ədalətsizlik və insafsızlıq olur. DİM-in son açıqlamasından da anlaşılır ki, 2018-ci ildə göstərilən rekord nəticə (650-dən artıq bal toplayanların bütün gözləntiləri aşması) DİM-i məcbur edib ki, abituriyentlərin yolunu daşlığa, tikanlığa salsınlar və onlar çox bal toplaya bilməsinlər. Məqsəd çox bal toplayanların azaldılması olub. Bu isə DİM-in 26 ildən bəri gəldiyi yoldan hələlik bir balaca sapmasını göstərir. İmtahanların pullu olması, dövlət sifarişi ilə pulsuz oxuyacaq tələbələr üçün ayrılan yerlərin ilbəil azaldılması - bunlar xoşagəlməz təmayüllərdir. İctimaiyyətin narahatlığı da ona görədir ki, son 27 ilin ən dürüst, şəffaf, qanuni işləyən mexanizmi korlanmasın, neqativ hallara yol açmasın, "arxa qapıdan” və böyük çirkli pullarla tələbə adı qazanaraq yuxarı başa keçənlərə fürsət yaratmasın. Xalq arasında belə bir əndişə var və builki nəticələr o əndişəni xeyli şiddətləndirib. Onlar "təhsil mafiyası”nın əvvəl-axır test üsulu ilə qəbulu aradan qaldırıb "sovet qəbulu”na dönüləcəyinə görə narahatdırlar. İndilikdə başqa söz demirəm, təki axırı yaxşı olsun, gələn il abituriyentlər yüksək bal toplamaq ənənəsini bərpa etsinlər. Görünür, onlar maksimum nəticə göstərməyin çəmini tapmaq, sirrini çözmək üçün bir neçə il səylə çalışacaqlar. 700 bal toplayanların çoxluğundan isə qorxmaq lazım deyil. Onlar çempion, birinci olmaq istəyən uşaqlardır və mütləq rekorda can atacaqlar. Məleykə xanımın yazısında şəxsimə yönəlik bir abzas var, yazır: "İkincisi, bəzi yazılarda DİM-in əvvəlki fəaliyyətinin İsveçrə saatının işi ilə müqayisəsi, əlbəttə ki, bizə xoş gəlməyə bilməz, lakin əfsuslar olsun ki, bu ifadə elə bir kontekstdə verilib ki, elə bil müəllif bu İsveçrə saatını bizə 27 əvvəl hədiyyə edib, biz müvəffəqiyyətlə ondan istifadə etmişik, indi isə onu sökməyə qərar vermişik”. Bu ifadəyə dair yalnız bunu deyə bilərəm: o hədiyyəni sizə mən yox, mərhum prezident Əbülfəz Elçibəy, hörmətli Vurğun Əyyub, möhtərəm Firudin Cəlilov bəxş etmişdi və əla işləyirdi. Zatən İsveçrə saatları 100 ildə bir saniyə geri qalır, o da bir şey deyil. Sadəcə, saatı qorumaq və qapağını tez-tez açıb qurdalamamaq lazımdır. aia.az Geri dön |