Ana Sayfa > Siyasət > Elman Məmmədov həmsədrlərlə görüşdən imtina edib
Elman Məmmədov həmsədrlərlə görüşdən imtina edib31-05-2019, 18:11. Yazar: sevinc1 |
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvləri ilə ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik arasında icmanın binasında görüş keçirilib. Görüşdə icma üzvləri bildiriblər ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ləyaqətli şəkildə mövcudluğu və sülh şəraitində birgə yaşayışının təmin edilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası, işğalçı Ermənistan qüvvələrinin oradan çıxarılması və torpaqlarından qovulmuş azərbaycanlıların geri dönüşü ilə mümkündür. Qeyd olunan şərtlər daxilində bölgədə dayanıqlı və ədalətli sülhün bərqərar ola biləcəyi icma üzvləri tərəfindən bəyan edilib. Həmsədrlərin icma ilə görüşünün əhəmiyyəti haqqında Modern.az-a danışan Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov həmin görüşə dəvət edildiyini, lakin getmədiyini vurğulayıb. O bildirib ki, həmsdərlərin riyakar davranışlarını, saxta, qeyri-səmimi danışıqlarını qəbul etmir: “Bunu həmsədrlərin özlərinə də dəfələrlə demişəm. Həmsədrlərin get-gəli, danışıq və bəyanatları sanki ermənilərlə razılaşdırılıb həyata keçirilir. Uzun illər ərzində onların fəaliyyəti bir məqsədə yönəlib. Torpaqlar işğal altında qalsın, müharibə olmasın, status-kvo isə saxlansın. Ermənilərin isə yeri rahatdır. Sanki həmsədrlərə diktə edirlər ki, “torpaqları işğal edib, burada rahat oturmuşuq, Azərbaycanın bizimlə müharibə etməsinə imkan verməyin”. Ona görə, həmsədrlər də bizim torpaqlarımızı işğaldan azad etmək üçün hərb üsuluna əl atmağımıza mane olurlar. Ortalığa qondarma şüar atıblar ki, konfliktin güc yolu ilə həlli yoxdur, ancaq sülhlə həll edilməlidir. Ermənilər də, həmsədrlər də bunu müdafiə edirlər. ATƏT-in torpaqlarımızın azad olunması istiqamətindəki fəaliyyəti heç bir nəticə verməyib. Bundan sonra da Minsk qrupu ancaq ermənilərə işləyəcək. Mən həmsədrlərdən münaqişənin həllində faydalı, ədalətli heç bir addım gözləmirəm”. aia.az Geri dön |