Ana Sayfa > Təhsil > Elinanın intihar etdiyi məktəblə bağlı
Elinanın intihar etdiyi məktəblə bağlı23-05-2019, 11:55. Yazar: sevinc1 |
Bakının Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin direktoru vəzifəsi yeni şəxsə həvalə olunub. Bakupost bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib. Bu, BŞTİ-nin əməkdaşı Yaqut Məmmədovadır. Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, aprelin 6-da xəstəxanada vəfat edib. Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işi nəzarətə götürüblər. Bununla bağlı aidiyyəti dövlət qurumlarına - Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib. Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib. Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasova xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib. Sevinc Abbasova 15 aprel 2019-cu ildə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. aia.az Geri dön |