Ana Sayfa > Ölkə > Leyla Əliyeva "Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində keçirilən tədbirdə iştirak edib
Leyla Əliyeva "Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində keçirilən tədbirdə iştirak edib22-05-2019, 16:14. Yazar: sevinc1 |
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəyə gətirilmiş zubrların mayın 21-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinə aid olan hissəsində onlar üçün yaradılmış xüsusi əraziyə buraxılması mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və digər qonaqlar iştirak ediblər. Vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 8 baş heyvan mayın 16-da Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Onlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra Şahdağ Milli Parkına buraxılacaq. Əraziyə bu il daha 12 baş zubrun gətirilməsi də nəzərdə tutulur. Yerli sakinlər və məktəblilər də zubrlara xüsusi maraq göstərərək tədbirə qoşulub, nəsli tükənmək təhlükəsi altında olan növlərin bərpası istiqamətində aparılan işlərlə tanış olub və öz dəstəklərini nümayiş etdiriblər. Eyni zamanda, tədbirə qatılan yerli gənc təbiətsevərlərə zubrların Azərbaycanda tarixi, onların təbiətdə rolu və mühafizəsi haqqında mühazirələr təşkil olunub. Zubrlar vaxtilə Avrasiyada çox geniş arealda yayılsa da, ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli, demək olar ki, kəsilib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan zubrların böyük əksəriyyəti zooparklarda artırılıb və bu yolla növün bərpasına yönəlmiş səylər davam etdirilir. Vəhşi öküzlər güclü, cüssəli heyvanlardır və qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub. IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi ilə birgə ölkəmizdə nadir növlər olan Qafqaz bəbiri, ceyran və zubrların populyasiyasının bərpası istiqamətində uğurlu layihələr icra edir. Zubrların Azərbaycanda biomüxtəlifliyinin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq layihənin təşkilatçıları ölkəmizin şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə respublika ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işinə dəstək olmağa çağırırlar. aia.az Geri dön |