Ana Sayfa > Siyasət > Deputat:

Deputat:


17-05-2019, 12:29. Yazar: sevinc1
Deputat:


“Azərbaycanda uşaqlara xüsusi diqqət yetirilir. Uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsi istiqamətində sənədlər qəbul edilib və bunlar nəzərə alınıb. Uşaqlarla bağlı məsələlər dövlət siyasətimizin əsas prioritetlərindəndir. İnsan hüquqlarında uşaq hüquqları hər zaman əsas amil kimi qəbul olunub”.

Modern.az xəbər verir ki, bu sözləri Avropa Şurasında keçirilən uşaqların onlayn cinsi istismarı və sui-istifadəsinin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün çoxsahəli əməkdaşlığa dair beynəlxalq konfransda çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Deputat qeyd edib ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişiklik edilərək “Operatorların və provayderlərin vəzifələri”nə “uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək”, “Abunəçilərin hüquq və vəzifələri”nə isə “uşaqların sağlamlığına və inkişafına zərər yetirən informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək” müddəaları daxil edilib:

““Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul edilib. Qanunun icra olunması və orada qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün əlaqədar dövlət qurumları tərəfindən genişmiqyaslı işlər aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin yaradılması bu sahədə işlərin daha da təkmilləşdirilməsinə zəmin yaradıb. Bundan əlavə, müntəzəm olaraq, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının iştirakı, gənclər və uşaqların fəal şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir”.

S.Fətəliyeva qeyd edib ki, cinayətkar qüvvələr internet vasitəsilə ən müxtəlif yaşı, etnik və mədəni mənsubluğu olan şəxslərə təsir göstərə bilirlər:


“Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, intim söhbətlər, yazışmalar, hətta şəkillərə edilən müəyyən şərhlər də daxildir. Yeniyetmələrin diqqət mərkəzində olmaq və ünsiyyət dairəsini genişləndirmək istəyi onların yad insanlarla münasibətlər qurmasına səbəb olur. Bu, real ünsiyyətdən heç də az təhlükəli deyil. Virtual məkanda uşaqlar həm nəzarətsiz, həm də çox həssasdırlar. Bu vəziyyət müxtəlif dövlət strukturlarının bir-biri ilə əlaqəli fəaliyyətini özündə əks etdirən kompleks yanaşma tələb edir. Bu məqsədlə də ölkəmizdə xidmətdən yararlanan istifadəçilərin müvafiq yaş kateqoriyasına aid hər növ təhlükəli məzmunlardan qorunması üçün bir sıra internet xidmət provayderləri tərəfindən “Təhlükəsiz internet” xidməti istifadəyə verilib.

Bir çox ölkələrdə internetdən təhlükəsiz istifadə ilə bağlı problemlərlə məşğul olan təşkilatlar mövcuddur. Belə təşkilatların fəaliyyətini dəstəkləmək və maarifləndirmə işlərində onlara yardım etmək vacibdir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitənin təşəbbüsü ilə “Kidsafe” proqramı hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələr və sorğular haqqında məlumatlandırılmasına xidmət edir. Orta məktəblərdə uşaqların zərərli informasiyalardan qorunması istiqamətində bir sıra dövlət qurumları, eləcə də qeyri-dövlət təşkilatları tərəfindən təlimlər keçirilib”.

İnternetdə uşaq təhlükəsizliyi probleminin bütün səviyyələrdə - ailə, regional və beynəlxalq səviyyədə koordinasiyalı bir həll tələb etdiyini deyən S.Fətəliyeva onu da bildirib ki, bu problemin həllində sistemli şəkildə hərəkət etmək, təkcə qanundan deyil, əxlaq normaları, texnoloji imkanlardan istifadə etmək lazımdır:

“Bu problemin həlli üçün yeni və ən effektiv mexanizm valideynlərin və uşaqların informasiya mədəniyyətinin formalaşması, valideynlər və uşaqlar arasında rəqəmsal və nəsillərarası boşluğun aradan qaldırılmasıdır. İnternet saytlar və sosial şəbəkələrin yaratdığı zorakılıq riskləri real həyatdakı zorakılıqdan daha təhlükəlidir.

Qeyd edək ki, iki gün davam edən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Ceyran Rəhmətullayeva, Taliyə İbrahimova, Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsinin birinci katibi Xuraman İsmayılova, Daxili İşlər Nazirliyinin bölmə müdiri Orxan Şabanov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin direktor müavini Aynur Sabitova da iştirak edir.

aia.az
Geri dön