Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Qusar səhiyyəsi sürətlə inkişaf edir

Qusar səhiyyəsi sürətlə inkişaf edir


16-05-2019, 14:50. Yazar: sevinc1
Qusar səhiyyəsi sürətlə inkişaf edir




Baş həkim Mübariz Zeynalovun rəhbərliyi altında Qusar Rayon Mərkəzi Xəstəxanasında öz peşəsini mükəmməl bilən təcrübəli həkimlər çalışırlar

Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin rayon və bölgələrimizdə də sürətlə gedir. Bu gün özünün müasir standartlara cavab verən səhiyyə müəssisələri və əhaliyə göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi ilə diqqəti cəlb edən bölgələrimizdən biri də Qusar rayonudur.

Dövlət qayğısı regionlarda səhiyyənin inkişafını təmin edir



Məlum olduğu kimi, Qusar Rayon Mərkəzi Xəstəxanasının binası 2012-ci ildə tikilib istifadəyə verilmişdir. Həmin vaxt Ölkə Prezidenti İlham Əliyev Qusara səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. Məlumat üçün bildirək ki, 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının təməli 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Tikintisi Dövlət Neft Şirkətinin vəsaiti hesabına həyata keçirilən xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunmuşdur. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilmişdir.



Ümumiyyətlə isə, hazırda Qusar rayonunda 3 xəstəxana müəssisəsi, 19 həkim məntəqəsi, 38 tibb məntəqəsi, 61 tibb müəssisəsi fəaliyyət göstərir. Rayonda tibbi müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi məqsədilə Mərkəzi rayon Xəstəxanası və Şirvanovka kənd həkim ambulatoriyası üçün yeni binalar inşa olunmuşdur. Rayon ərazisində 850 nəfərdən çox tibb işçisi çalışır.



Bu gün ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Respublikamızda səhiyyə xidmətinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu hər zaman xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyə müəssisəsi inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.

Peşəkar həkimlər rayon səhiyyəsinin uğurlarını təmin edirlər



Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının qarşılığında Qusarın tibb işçiləri də onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün Qusar Rayon Mərkəzi Xəstəxanasında əhaliyə həqiqətən də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Sakinlər xəstəxananın baş həkimi Mübariz Zeynalovdan xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Bu gün Qusar RMX təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir. Yeri gəlmişkən, ölkə mətbuatında təxminən bir il bundan əvvəl dərc olunmuş və geniş müzakirələrə yol açmış bir materialda da Qusar RMX-nın baş həkimi Mübariz Zeynalovun yüksək insani keyfiyyətlərindən, onun Şabran rayonundan olan bir gəncin yeni bir həyata başlamasına necə səbəb olduğundan bəhs edilmişdi. Fərid Muradov adlı həmin gənc baş həkim Mübariz Zeynalova və travmatoloq Murad Şahvələdova xüsusi təşəkkürünü belə izhar etmişdi: “Mübariz həkimə təşəkkür eləməyim azdır, çox sağ olsun. Xəstəxanada 20 qəpiklik bintin belə pulunu verməmişəm, çox sevinirəm ki, belə bir xeyirxah həkim insana rast gəlmişəm...”



Bu yaxınlarda isə Qusar həkimlərinin peşəkarlığı bir əcnəbi vətəndaşın da həyatını xilas edib. Belə ki, martın əvvəllərində Şahdağ Qış-Yay Turizm Kompleksində bədbəxt hadisə baş verib. Xarici işçilərdən birinin üstünə ağır yük aşıb və o, ciddi xəsarətlər alıb. Şepelyov Nikita Mixayloviç adlı əcnəbi işçi qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub. N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının həyatını xilas ediblər. Bundan sonra Şepelyov Nikita Mixayloviç Səhiyyə Nazirliyinə və Qusar Mərkəzi Rayon Xəstəxanasına minnətdarlıq məktubu ünvanlayıb.

Həqiqətən də bu gün ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Xüsusilə son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Bununla da Azərbaycan səhiyyəsi tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön