Ana Sayfa > Manşet / Ölkə > Bakıda “yaşıl terror” - Deputatlar:

Bakıda “yaşıl terror” - Deputatlar:


8-05-2019, 14:04. Yazar: sevinc1
Bakıda “yaşıl terror” - Deputatlar:


Son günlər mətbuatın gündəmində olan məsələlərdən biri Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kütləvi şəkildə kəsilməsi, məhv edilməsidir. 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət əsasında araşdırılma aparılıb və yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.


Nazirlikdən bildirilib ki, fakt cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.


Bu, Bakıda “yaşıl soyqırım”la bağlı müzakirələrə səbəb olan ilk belə fakt deyil. Və belə getsə, yəqin ki, sonuncu da olmayacaq. Müvafiq orqanların xəbərdarlıqlarına və nəzarətinə baxmayaraq, paytaxtın yaşıllıq sahələrindən məhrum edilməsi üçün sanki kampaniya aparılır.


Problemlə bağlı bağlı Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Kamran Nəbizadə yaşıllığın məhv edilməsini ciddi hadisə kimi pisləyib. O qeyd edib ki, Azərbaycan müstəqillik əldə edəndən indiyə qədər ölkədə, xüsusilə paytaxtda yaşıllığın qorunması ilə bağlı tədbirlər həyata keçirilir:


“Ulu öndərimiz Heydər Əliyev də demişdi ki, ağaclar məhv edilə bilməz. Yaşıllığın qorunması və yaşıllıq ərazilərin artırılması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi (İDEA) xüsusi məşğul olur. Bu proseslər təşkilatların nəzarəti altındadır. Qanunsuz ağac kəsimi, yaşıllıqların məhvi ilə bağlı faktlar aşkarlandıqda, dərhal müdaxilə edilir. Gələcəkdə belə halların təkrarlanmaması üçün mühüm addımlar atmaq vacibdir”.


K.Nəbizadə yaşıllığın qorunması ilə bağlı tək aidiyyəti qurumların deyil, vətəndaşların üzərinə də böyük məsuliyyət düşdüyünü vurğulayıb:


“Bu məsələdə ictimai qınaq da ön plana çəkilməlidir. Düzdür, prezident İlham Əliyev yaşıllığın qorunması ilə bağlı mühüm göstərişlər verir, iradlarını səsləndirir. Sadəcə olaraq, aidiyyəti qurumlar hər bir ağacı gündəlik nəzarətə götürə bilməzlər. Ona görə, insanlar belə hallar olanda ictimailəşdirməli, bu faktları qabartmalı, tənqid etməlidirlər. İctimai nəzarət bütün məsələlərdə olduğu kimi, yaşıllığın qorunması işində də vacib amildir”.


Komitənin digər deputatı Mirkazım Kazımov da sözügedən məsələyə münasibət bildirib. O Xətai rayonunda yaşamadığından həmin faktla bağlı məlumatlı olmadığını qeyd edib:


“Bununla belə, hesab edirəm ki, paytaxtda abadlaşdırma, yaşıllaşdırma işləri yüksək səviyyədədir. Belə də davam etməlidir. Yaşıllıq həyatdır. Dövlət rəhbərliyi məsələyə xüsusi diqqət yetirir, yaşıllaşdırma işlərinin artırılması üçün mühüm tədbirlər, layihələr həyata keçirilir”.


Deputat Tahir Kərimli isə bildirib ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda yaşıllığın qorunması, yeni yaşıllıq ərazilərinin salınmasına ciddi diqqət ayırır:


“Nazirin bu məsələdə çox həssas olduğu fəaliyyətindən hiss olunur. Görünür, ölkə başçısı da ona xüsusi tapşırıqlarını çatdırıb. Çünki tək paytaxtda deyil, bütün regionlarda meşələrin, yaşıllıqların qorunması üçün fəaliyyət proqramları həyata keçirilir. Nazirliyin iradəsi olsa da, imkanlı adamlar, bəzi məmurlar özlərinin maddi qazancı naminə yaşıllıqları məhv edirlər. Xüsusilə Bakıda insanlara çox vacib olan yaşıllıq ərazilərə qarşı terror həyata keçirirlər.


Bu yaxınlarda xarici telekanalların birində Asiyada yaxın illərdə tikiləcək arxitektura nümunələri haqqında süjet izləyirdim. Sujetdə Asiya ölkələrində binaların, yaşayış komplekslərinin üzərində ağacların əkilməsi əks olunurdu. Yaxın illərdə həyata keçiriləcək infrastruktur layihələrində yaşıllığın saxlanmasına xüsusi önəm veriləcəyi ifadə edilirdi. İnsanlar yaşıllığı artırmağın qayğısına qalmağa çalışdığı dönəmdə ölkəmizdəki ağac cinayətkarlığına göz yummaq olmaz. Mən aidiyyəti orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, Respublika Prokurorluğunu dəvət edirəm ki, ağac kəsiminə qarşı amansız davransınlar. Bir ağac 20-30 ilə əmələ gəlir, kimsə onu öz şəxsi məqsədləri naminə dibindən kəsir, oksigen mənbəyini məhv edir. Bakıda nə qədər parklar, yaşıllıqlar salınsa da, yaşıllıqların miqdarına görə həm ölkə miqyasında, həm də paytaxt miqyasında dünya standartlarından çox geri qalırıq. Çalışaq elə vəziyyət yaranmasın ki, məsələ Milli Məclisdə qaldırılacaq dərəcədə ciddiləşsin”.

aia.az
Geri dön