Ana Sayfa > Manşet / Siyasət > “İstanbulda seçkilərin nəticələrinin ləğvi təhlükəli qərardır”
“İstanbulda seçkilərin nəticələrinin ləğvi təhlükəli qərardır”7-05-2019, 12:51. Yazar: sevinc1 |
Bu il martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində CHP namizədi Əkrəm İmamoğlu 48,79 faiz səslə İstanbul bələdiyyəsinin sədri seçilmişdi. Onun İstanbul bələdiyyə başqanı kimi fəaliyyəti təsdiqlənsə də, ötən gün qəfildən bələdiyyə seçkilərinin nəticələri ləğv edildi. Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarı ilə Əkrəm İmamoğlunun səlahiyyətinə xitam verilib. Yeni seçkilər iyunun 23-də keçiriləcək. Azərbaycan Milli Məclisinin deputatları İstanbulla bağlı baş verənləri Modern.az-a şərh ediblər. Deputat Rasim Musabəyov hesab edir ki, qardaş ölkədə vəziyyətin dəyişəcəyini dəqiq analiz etmək üçün İstanbul əhalisinin içərisində olmaq lazımdır: “Türkiyədəki proseslərin hansı istiqamətə doğru cərəyan edəcəyini təhlil etməyə çətinlik çəkirəm. Bunun üçün əhalinin, seçicilərin düşüncələrini yaxından izləmək, onlarla ünsiyyətdə olmaq vacibdir. Hazırkı durumda mətbuatdan məlumatları almaqla, analiz etmək çətindir. Hər bir halda seçkilərin nəticələrinin qəfildən, bu cür ləğv edilməsi problemlər yaradacaq. Bu qərar kifayət qədər əsaslı olmadığı halda, əhalinin Türkiyə seçki sisteminə etibarı azala bilər. Təhlükəli qərar olduğunu yəqin ki, Türkiyə rəhbərliyi də bilirdi. Bu ölkədə seçkilərdə iştirak edən vətəndaşların milli maraqları üstün tutacağına inanıram. Ümid edək ki, hansısa çaxnaşmaya, Türkiyəni zəiflətməyə cəhd edən hərəkatların məqsədlərinə çatmasına yol verməyəcəklər”. Deputat Asim Mollazadə isə seçkilərin nəticələrinin ləğv edilməsinin müsbət nəticələnməyəcəyini düşünür: “Mən Türkiyədəki proseslər barədə ətraflı danışmaq istəmirəm. Müsbət nəticələrin olacağını düşünmürəm”. Deputat Fəzail Ağamalı Türkiyədəki son proseslərin xoşagələn istiqamətdə irəliləmədiyini düşünür. F.Ağamalının fikrincə, İstanbul uğrunda Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasındakı mübarizə səngiməsə, bu, Türkiyə üçün mənfi nəticələnə bilər: “Ali Seçki Komissiyasının son qərarı Türkiyə qanunlarına söykənib. Buna qeyri-adi baxmağa ehtiyac yoxdur. Mən çox arzulayardım ki, Türkiyədəki proseslər sakit və şəffaf cərəyan etsin. Hər iki partiya yenidən gücünü, imkanlarını və elektoratını seçkilərə cəlb etsin. Partiyalar seçki gününə köklənərək, təbliğat-təşviqat məsələlərini yüksək səviyyədə aparmalıdır. Türkiyədə proseslərin mənfi yöndə cərəyan etməsi, xaosun başlaması regional məsələlər baxımından bizim də xeyrimizə deyil. Türkiyədə yaşanan gərginlik ölkələrimiz arasındakı strateji və dövlət maraqlarına da uyğun gəlmir”. aia.az Geri dön |