Ana Sayfa > Manşet / Gündəm > Prezidentin köməkçisi:

Prezidentin köməkçisi:


1-05-2019, 09:05. Yazar: sevinc1
Prezidentin köməkçisi:


Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir.

Bunu Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

N.Əmirov bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin əsas icrası 2017-2020-ci illər olmaqla, dörd ili əhatə edir və keçən iki il müddətində nəzərdə tutulan tədbirlərin ən azı 50 faizinin icrası nəzərdə tutulub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə əsasən, Strateji Yol xəritələrinin ümumi icrası nəzərdə tutulan 50 faizə qarşı 52 faiz təşkil edib ki, bu da icra qrafikini qabaqlamaqla icranın sürətləndirilməsi anlamına gəlir: "Ayrı-ayrı sahələr üzrə icra faizlərinin müxtəlif olmasına baxmayaraq, bütövlükdə nəzərdə tutulan 50 faizlik icra həyata keçmiş və 52 faizlik icra ilə biz bu məqama gəlib çıxmışıq. Ayrı-ayrı qurumların performansına nəzər yetirdikdə isə bütövlükdə bütün qurumlar 50 faiz üçün nəzərdə tutulan həddə gəlib çatmış, lakin Biznes Mühiti və Beynəlxalq Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Strateji Yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını demək olar ki, tam şəkildə həyata keçirmişdir”.

Onun sözlərinə görə, Strateji Yol xəritələrinin əsas tədbirlərinin təqribən 40 faizi İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin payına düşür ki, bu məsələlərə sistemli yanaşılması, çoxsaylı komissiyaların, əlaqələndirici qrupların monitorinq qurumları ilə birgə fəaliyyəti həm hər iki nazirliyin, həm də digər qurumların birgə fəaliyyəti ilə Strateji Yol xəritələrində bu uğura imza atmağa imkan verib: "Mən burada xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanımın xidmətini qeyd etmək istərdim. Çünki qurumların əlaqələndirilməsi, müxtəlif fikirlərin bir araya gətirilməsi, vahid mövqedən çıxış edərək islahat proqramlarının həyata keçirilməsi istiqamətində Mehriban xanımın əhəmiyyətli dəstəyi xüsusi qeyd olunmalıdır. Strateji Yol xəritələrində tapşırığınıza əsasən müəyyən edilmiş tədbirlərin bizə nə verdiyinə baxsaq, ilk növbədə, makroiqtisadi sistemdə pul bazası hədəf götürülməklə makroiqtisadi sabitliyə nail olundu, manatın məzənnəsi sabitləşdirildi, inflyasiya optimal həddə endirildi, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artdı. Dövlət Neft Fondunun vəsaitlərindən istifadəyə dair büdcə qaydaları, beynəlxalq aləmdə "qızıl qayda” adlandırılan qaydalar təsdiq edildi. Borc strategiyası, ortamüddətli xərclər çərçivəsi qəbul edildi, fiskal dayanıqlılığın gücləndirilməsi təmin olundu, bank sektorunda əhəmiyyətli islahatlar həyata keçirildi”.

N.Əmirov qeyd edib ki, Azərbaycan Prezidentinin tapşırığınıza əsasən biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli biznes mühiti qurulması sahəsində çox ciddi addımlar atılıb: "Prezident yanında Apellyasiya Şurası yaradıldı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis olundu, sahibkarların dünya iqtisadi məkanına inteqrasiyasını təmin etmək məqsədilə "Enterprise Azerbaijan” portalı, "Azexport.az”, rəqəmsal ticarət qovşağı platformaları yaradıldı. İnvestorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, müflisləşmə sahəsində əhəmiyyətli islahat tədbirləri həyata keçirilmişdir. Gömrükdə "yaşıl dəhliz” sistemi, hərtərəfli vergi islahatları, sənaye parkları, sənaye məhəllələri, aqroparklar və texnoparkların fəaliyyət dairəsi genişləndirilməklə sahibkarlara əhəmiyyətli vergi, gömrük və digər güzəştlərin verilməsi təmin edilmişdir. İlk dəfə olaraq dövlət satınalmalarının vahid internet portalı hazırlanmış və bu ildən istifadəyə verilmişdir”.

Prezidentin köməkçisi deyib ki, bu dövr ərzində dövlət başçısının təşəbbüsü ilə başlanılan və liderliyi ilə həyata keçirilən meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Astara (Azərbaycan)-Astara (İran), SOCAR Polymer, SOCAR Karbamid kimi nəhəng layihələr məhz bu dövrdə sona çatdırılıb və fəaliyyətə başlamaqla Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə davam edib: "İcbari tibbi sığorta sistemi pilot variantda tətbiq edilmiş, uğurlu nəticələr əsas götürülərək Sizin tərəfinizdən imzalanan müvafiq qanunlarla 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. İşsizlikdən Sığorta Fondu yaradılmış, məşğulluq strategiyası qəbul edilmiş, ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilmiş və özünüməşğulluq proqramlarının icrasına başlanılmışdır.

Bu ildən başlayaraq, Sizin də qeyd etdiyiniz kimi, şəhid ailələrinə birdəfəlik ödəmə verilmiş, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılmış, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlər 100 faiz həcmində artırılmışdır. Təbii ki, bu göstəricilər iqtisadi göstəricilərdə də öz əksini tapmaya bilməzdi. İllik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enmiş, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxmışdır. Büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artmışdır. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bu sahədə, cənab Prezident, Sizin apardığınız islahatlar, bilavasitə rəhbərliyinizlə həyata keçirilən iqtisadi canlanma təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnmişdir. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə demək olar ki, 80 milyard manatadək artmışdır. Təbii ki, cənab Prezident, bütün bu nailiyyətlər, Sizin həyata keçirdiyiniz, nəzərdə tutduğunuz və Azərbaycan xalqının rifahına yönəldilən bu islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də çox diqqətlə izlənilir, təhlil olunur. Dünya Bankının "Doing Business” hesabatında da Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur”.

O qeyd edib ki, 2020-ci ilin sonuna qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb: "Bu 20 ay ərzində, möhtərəm cənab Prezident, Sizin dövlət və hökumət qurumları qarşısında çox mühüm tələbləriniz, tapşırıqlarınız durur. Bu müddət ərzində biznes mühiti və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Sizin tapşırığınıza əsasən bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır. Maliyyə dərinliyinin 60 faizə qədər çatdırılması, aqrar sığortanın inkişafı, elektron kənd təsərrüfatı informasiya sisteminin ölkə üzrə tam tətbiqi nəzərdə tutulur. Neft maşınqayırması sahəsində ənənəvi istehsal sahələri bərpa olunmalı, birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər görülməlidir. Kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahat tədbirləri həyata keçirilməlidir. Lisenziya və icazələr portalının tam fəaliyyəti təmin olunmalı, açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir.

Sizin tapşırığınıza əsasən, elektrik enerjisi sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda səmərəliliyin yüksəldilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər hazırlanaraq həyata keçirilir. Dövlət satınalmalarının vahid internet portalının bütün dövlət satınalmaları üzrə yeganə satınalma platformasına çevrilməsi ölkədə rəqabət mühitinin formalaşması istiqamətində atılacaq ən mühüm addımlardan biridir. Uzunmüddətli hədəfləri nəzərə aldıqda 2020-ci ildən sonrakı dövr üçün təbii ki, Azərbaycan Respublikasının strateji inkişaf proqramları hazırlanmalı və təsdiq edilməlidir. Məqsədəmüvafiq hesab etdiyiniz təqdirdə qlobal, regional və yerli trendlər, çağırışlar, risklər və təhdidlər nəzərə alınmaqla, uzunmüddətli baxışlar yenidən dəqiqləşdirilib, yeni strateji proqram çərçivəsində hazırlanaraq Sizin ali diqqətinizə təqdim edilə bilər”.

aia.az
Geri dön