Ana Sayfa > Siyasət > “Çox yoxsul idik, göy-göyərti yeyirdik” –
“Çox yoxsul idik, göy-göyərti yeyirdik” –26-04-2019, 17:06. Yazar: sevinc1 |
"Anam öləndə elə pis hala düşdüm ki, kazarmaya göndərmədilər” Müsavat Partiyasının başqanı Arif Hacılı "BakuPost”a müsahibə verib. Partiya sədri müsahibəsində uşaqlıq illərinə səyahət edib, Zaqatalada yaşadığı dövrdəki çətinliklərindən danışıb, ailəsi ilə bağlı sirləri bölüşüb. - Orta məktəbə 6 yaşımda getmişəm. O vaxt 7 yaşı tamam olmamış uşaqları məktəbə götürmürdülər. Qardaşım Vaqif məktəbə gedirdi, mən isə evdə tək qalırdım. Atam məktəbdə direktor müavini idi. Mən birinci siniflərlə məktəbə getdim. Amma sənədlərdə məni şagird kimi göstərməmişdilər, adım jurnala yazılmamışdı. Əlifba bitəndən sonra mənə dedilər ki, daha məktəbə gəlmə. Mən çox pis sarsıntı keçirdim. Bu məsələ bütün məktəbdə müzakirə olunmağa başladı. Sonra məni məktəbə şagird kimi qəbul etdilər. 16 yaşımda orta məktəbi bitirdim. Uşaqlıq dövrüm çox çətin keçib. 10 yaşımda atamı itirmişəm. Orta məktəbdə oxuduğum dövrlərdə çətin, yoxsul həyat yaşamışıq. Ancaq məktəbdə mən və bacı-qardaşlarımın hamısı əsasən əlaçı olmuşuq. - Dediniz ki, uşaqlığınız çətin keçib. O dövrdə heç olurdu ki, ac yatırdınız? - Anam ac yatmağımıza imkan verməzdi. Amma ürəyimiz istəyən kimi qidalanmırdıq. Xatırlayıram, daha çox göy-göyərti, lobya, süd məhsulları yeyirdik. İndi internetdə sağlam qidalanmaya aid məsləhətlərə baxıram, görürəm ki, elə ən keyfiyyətli qidalar onlardır. Bizim evdə televizor da yox idi. 14 yaşım olanda, 1976-cı ilin aprelində televizor aldıq. Həyatımda yaddaqalan və xoşbəxt olduğum günlərdən biri idi. Onda futbola, filmlərə baxırdım. Elə indi də filmlərə baxmağı xoşlayıram. Demək olar ki, hər gün 1-2 film izləyirəm. Anamızın da əsas istəyi bizim oxumağımız olub. Atam rəhmətə gedəndən sonra anam kolxoza daxil oldu. Biz tütünçülüklə məşğul olmağa başladıq. Mən 10 yaşımdan sonra bu işlərlə məşğul olurdum. İşləməkdən yorulanda əlimizə kitab götürürdük, oxumasaq da, götürürdük. Anam əlimizdə kitab görəndə bizi heç vaxt hansısa işin dalınca göndərmirdi. - Hər gün 1-2 film də izləməyə vaxt tapırsınız. Hansı filmləri izləyirsiniz? - Daha çox klassik filmləri izləyirəm. Uşaqlıqdan bəri rus dilində filmlərə baxıram. Rus dilini tez öyrənmişəm. Aleksandr Dümanın əsərlərini orta məktəb yaşlarımda rus dilində oxumuşam. O dövrlərdən ən çox sevdiyim film "Qaçış” filmidir. İtalyan filmlərini də çox sevirəm. Federiko Fellininin filmlərini bəyənirəm. Son dövrlərdə Stiven Spilberqin filmlərinə xüsusi önəm verirəm. Azərbaycan filmlərindən "Şərikli çörək”, "Bizim Cəbiş müəllim” filmlərini çox xoşlayıram. - Arif bəy, doğulduğunuz Yuxarı Tala kəndi ilə ən şirin xatirələriniz nədir? - Mən indi də bütün yuxularımı o kənddə görürəm. 30 ildir o kənddən çıxmışam. Amma mənə çox əziz kənddir. Tez-tez gedirəm. Minlərlə ziyalısı var. Ölkədə tanınmış bir çox insanlar o kənddə doğulublar. Hətta kənddə işıqfor da var. Yəni bu qədər böyüyüb inkişaf etmiş kənddir. Tala kəndinin əhalisi həmişə mənim arxamda dayanıb. Zaqatala çoxmillətli rayondur. Millətlər qaynayıb-qarışdığı üçün də ümumi inkişaf səviyyəsi yüksəkdir. Zaqatala rayonu əhalisinin təxminən 70 faizə qədəri azərbaycanlı türklər olsa da, orada xeyli sayda başqa dost millətlərin nümayəndələri yaşayır. - Bakı Dövlət Universitetinin jurnalistikası fakültəsini oxumusunuz. Tələbəlik illəri sizə təhsildən başqa nə verdi? - Tələbəlik illəri mənə çox şey verib. Təhsilimdə, dünya görüşümün formalaşmasında rol oynayıb. Müəllimlərim, tələbə yoldaşlarım kifayət qədər dünyagörüşlü, intellektual insanlar idi. Tələbə yoldaşlarım arasında elələri var ki, bu gün ölkənin jurnalistikasında xüsusi mövqe tuturlar. Tələbəlik illərimdə, 22 yaşım olanda Ramiz Rövşənlə tanış olmuşam. O vaxt yaşımızın fərqinə baxmayaraq, biz dostluq münasibətləri qurmuşuq. Ramiz Rövşən intellektual, istedadlı insandır. - Bu yaxınlarda Ramiz Rövşənin Xalq şairi adı almaması məsələsi sosial şəbəkələrdə geniş müzakirə olundu. Sizin bu barədə fikirləriniz necədir? - Mən Ramiz Rövşəni müasir dövrün ən güclü şairi hesab edirəm. Onun Xalq şairi olub-olmamasından asılı olmayaraq, əsərləri əbədi yaşayacaq. Biz hakimiyyətdə olanda istəyirdik ki, fəxri adları ləğv edək. Çünki bu adlar sovetdən qalan bir məsələdir. Sonra bir çox ziyalıların bu adlara qəlbdən bağlılığını nəzərə alaraq, fəxri adların verilməsi davam etdirildi. - Gəncliyinizdə inşaatda fəhlə də işləmisiniz. - Bəli, o vaxt universitetin jurnalistika fakültəsinə daxil olmaq üçün iki il iş stajı tələb olunurdu. Mən jurnalist olmaq qərarına 7-ci sinifdə gəlmişəm. Bu yaxında sinif yoldaşım mənə xatirə dəftərini göstərdi. Mən orda yazmışdım ki, böyüyəndə jurnalist olacam. İlk məqaləm on dörd yaşımda çap olunub. - Nə mövzusunda yazmışdınız? - Zəhmətkeş insanlar haqqında kiçik yazılar yazırdım. - Şeir də yazmısınız? - Orta məktəbdə oxuduğum dövrdə 40-a yaxın məqaləm çap olunmuşdu. On yaşımdan başlayaraq şeir yazmışam. Uzun müddət şair və jurnalist olmaq istəyirdim. Normal şeirlərim də var. Ramiz Rövşənin, Vaqif Bayatlının şeirlərini oxuyandan sonra şair olmaqdan vaz keçdim. Amma həvəskar kimi arada yazırdım. Bəzi şeirlərim bəzi xalq şairlərinin şeirlərindən geri qalmır. (gülür) - Sonra millət vəkili seçildiniz. - Mən seçkiləri sevirəm. Sovet dövründə seçkilər formal xarakter daşısa da, 22 yaşımda Tala kəndinin deputatı seçildim. Sonra rayon üzrə deputat oldum. - Arif bəy, on yaşınız olanda atanız rəhmətə getdiyini dediniz. On yaşlı bir uşaq üçün ata itkisi nə məna kəsb edir? - Çox ağır idi mənim üçün. Çox pis təsir etmişdi. İlk şeirimi atamın ölümünə yazmışam. Bu gün sənin ölümündən artıq yüz gün keçibdir. Yadımızdan çıxırsan. Bizdən uzaqlaşırsan. Belə başlayan bir şeir idi. O vaxt atamın ölümü anam üçün də çox çətin oldu. Uzun illər qara geyindi. Toy məclislərində iştirak eləmədi. Atam rəhmətə gedəndə anam çox gənc idi, cəmi qırx yaşı vardı. O vaxt Mustafa körpəydi, Vaqifin 11 yaşı vardı, böyük bacım Solmaz Tibb Universitetinin üçüncü kursunda oxuyurdu. Belə bir vəziyyətdən çıxmağımızda anam fədakarlıq göstərib, bütün həyatını bizə həsr etdi. Anamın dünyasını dəyişməsi də mənimlə bağlı oldu. Xüsusi xəstəliyi yox idi. Mənim dəfələrlə həbsdə olmağım ona pis təsir edirdi. Elə dövr olurdu ki, biz üç qardaş üçümüz də həbsdə olurduq. Təbii ki, anamız özünü nə qədər qürurlu aparsa da, bu cür hadisələr onun səhhətinə ziyan vurmaya bilməzdi. Bizim anamla zarafatyana bir münasibətimiz var idi, həbsdə olanda deyirdim, möhkəm ol, döz, may ayının 28-i azadlıqda olacam. O vaxt Respublika Günü ilə bağlı məhbusların azad olunması söhbəti gəzirdi. Anam buna inanmışdı. Mən mayın 28-i azadlığa çıxa bilmədim və iki gün sonra anam dünyasını dəyişdi. - Ananızın ölüm xəbərini eşidəndə nə etdiniz? - Axşam Mustafa ilə telefonda danışmışdım. O, anamın vəziyyətinin pisləşdiyini mənə demişdi. Həbsxanada gecə saatlarında telefonla danışmaq imkanı yoxdur. Mən növbətçi zabitə bildirdim ki, anam xəstədir, onunla danışmağıma icazə versinlər. Əslində, onların buna icazə verməyə ixtiyarları yoxdur. Ancaq mənə təkidlərimi nəzərə alıb bir dəqiqəlik danışmağa icazə verdilər. Mustafa bildirdi ki, anamız dünyasını dəyişib. Mən sanki öncədən bilirdim ki, Mustafa mənə məhz bu xəbəri verəcək. Mənim üçün çox ağır gün oldu. Son on illərdə hönkürüb ağladığım gün o gün idi. Elə ağır sarsıntı keçirdim, pis hala düşdüm ki, məni kazarmaya, baraka göndərmədilər, çöldə qalım. Səhər anamın dəfninə buraxdılar. Həyatımın ağır günü idi. - Əbülfəz Elçibəylə birlikdə on günlük aclıq aksiyası keçirmisiniz. Mümkünsə, o günlər haqqında bizə danışın... - Ramiz Rövşən haqqında dediklərimi Elçibəy haqqında da deyə bilərəm. Aramızdakı yaş fərqinə baxmayaraq, bizim dostluq münasibətlərimiz var idi. Təklikdə, dəfələrlə çox məsələləri müzakirə etmişik. Elçibəyin təkəbbür, yekəxanalıq, kiminləsə məsafə saxlamaq kimi vərdişləri yox idi. O vaxt Azərbaycanın SSR-də qalması ilə bağlı referendum keçirilirdi. Biz buna qarşı çıxdıq. Azərbaycanın müstəqilliyini tələb etdik. Bizim təklifimizi qəbul etmədilər. Sonra 10 millət vəkili parlamentin binasında aclıq aksiyasına başladıq. Gecə saatlarına qədər orada qaldıq. Onda Bakıda fövqəladə vəziyyət elan olunmuşdu. Bakının Moskvadan təyin olunan komendantı Valeri Bünyadov (Ziya Bünyadovun oğlu) idi. O da dəfələrlə bizim yanımıza gəldi. Öncə işıqları söndürüb dedilər ki, lampalar uzunmüddətli işləyə bilmir. Sonra rus əsgərlərini gətirdilər. İçlərində maskalılar, xüsusi təyinatlı geyimli əsgərlər də var idi. Bizi zorla çıxarıb polis maşınlarına mindirdilər. Maşınları sürən polislər bizim millətin nümayəndələri idi. Bizdən üzr istədilər ki, bu işi görməyə məcburdular. Sonra biz qərargaha gəldik və aclıq aksiyasını davam etdirdik. Onda Elçibəy də bizə qatıldı. Elçibəylə yataqlarımız yan-yana idi. Bu aksiya böyük səs-küy yaratdı. Bəxtiyar Vahabzadə və başqa ziyalılar tez-tez gəlib aksiyanı dayandırmağımızı istəyirdilər. Dilarə Əliyeva da bizdən bu aksiyanı dayandırmağı xahiş edirdi. Dilarə Əliyeva ilə mənim ana-bala kimi, doğma münasibətim olub. Mənim ata olacağımı bilirdi. Buna görə də müxtəlif üsullarla aclığı dayandırıb, rayona getməyimə çalışırdı. Dilarə xanım həkimləri göndərirdi ki, guya, mənim səhhətim çox pisləşib, aclığı dayandırmasam, ağır nəticələri olar. Amma mən sona qədər dözdüm. Aclıq aksiyamız 11 gün davam etdi. aia.az Geri dön |