Ana Sayfa > Manşet / Təhsil > Rüşvət və korrupsiyada günahlandırılan direktor işdən qovuldu

Rüşvət və korrupsiyada günahlandırılan direktor işdən qovuldu


25-04-2019, 15:40. Yazar: sevinc1
Rüşvət və korrupsiyada günahlandırılan direktor işdən qovuldu


Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhər 6 nömrəli məktəb-litseyin direktoru Yeganə Əliyevanı işdən çıxarıb. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Virtualaz.org Siyəzən şəhər 6 nömrəli məktəb-litseylə telefon əlaqəsi saxlayıb, dəstəyi götürən qadın direktorun işdən çıxarıldığını, artıq yeni direktorun təyin olunduğunu təsdiqləyib. Məlum olub ki, telefon zəngimizə cavab verən də elə yeni direktorun özü-Günel Ağayevadır. G.Ağayeva bundan əvvəl məktəb-litseydə müəllim işləyib.

Xatırladaq ki, həmin məktəb-litseyin və direktor Yeganə Əliyevanın adı məktəbin bir qrup müəlliminin 2019-cu il martın 29-da Təhsil Nazirliyinə kollektiv şikayəti ilə bağlı gündəmə gəlmişdi. Etiraz edən müəllimlər deyirdilər ki, direktor məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir.



Şikayətçilər məktəbdə şagirdlərdən istifadə olunan qaza görə pul alınmasına, parta, kompüterlərin pulla satılmasına da etiraz edirdilər. Onların bildirdiyinə görə, “Fond pulu” verməyə etiraz edənlər isə təhqir olunurdular. Kollektiv dəfələrlə yığışaraq prokurorluğa müraciət etsə də, xeyri olmayıb, Təhsl Nazirliyi rüşvətxor direktoru şiddətli töhmət verməklə cəzalandırılıb.

Şikayətçilər 9 ildir məktəbə rəhbərlik edən, ali təhsili olmayan Y. Əliyevanın deputat Hadı Rəcəblinin və digər vəzifəli şəxslərin himayə etdiyini bildirirdilər.



Təhsil Nazirliyindən isə bildirmişdilər ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib. Müəllimlər isə töhmətin rüşvətxor direktor üçün yüngül tənbeh olduğunu deyirdilər.

Nəhayət nazirlik bu cür neqativ imicə malik direktoru vəzifəsindən çıxarıb. Onun barəsində hüquq-mühafizə orqanlarına edilmiş şikayətlərlə bağlı hansı tədbirlərin görüldüyü isə məlum deyil.

Gülnar Əliyeva

Virtualaz.org
Geri dön