Ana Sayfa > Manşet / Ölkə > Abşeron rayonu üzrə meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir

Abşeron rayonu üzrə meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir


23-04-2019, 12:41. Yazar: sevinc1
Abşeron rayonu üzrə meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir



Yusif Ələsgərovun rəhbərlik etdiyi rayon Suvarma Sistemləri İdarəsinin fəaliyyəti günün tələblərinə uyğun şəkildə qurulub

Məlumdur ki, ölkənin kənd təsərrüfatının inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsidir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan rayon iqtisadiyyatının inkişafı üçün Abşeron Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi önəm daşıyır. Redaksiyamıza təqdim olunan məlumatlara görə, Yusif Ələsgərovun rəhbərlik etdiyi bu qurum öz fəaliyyətini günün tələbləri səviyyəsində quraraq su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir.

Abşeronlular 2018-ci ili yüksək göstəricilərlə başa vurublar



Ötən il Abşeronda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunub. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 34 faiz artaraq 74 milyon manata çatıb. İl ərzində 648 hektar tərəvəz sahəsindən 76213 ton məhsul yığılıb. Hazırda Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında “Grand Aqro” MMC tərəfindən 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı 2018-ci ildə 168 hektar sahədə yeni badam bağı salınaraq, ümumi sahəsi 378 hektara çatdırılıb. Hesabat dövründə büdcəyə 41 milyon 646 min manat vəsait cəlb olunaraq proqnoza 115.1 faiz əməl edilib, rayonun yerli xərcləri isə 97.1 faiz icra olunub.

Aydındır ki, bu sahələr üzrə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu funksiyalar isə birbaşa olaraq suvarma sistemləri idarəsinin fəaliyyət dairəsinə aid olan vəzifələrdir. Bu baxımdan redaksiyamıza təqdim olunan açıqlamalarda vurğulanır ki, Yusif Ələsgərovun rəhbərlik etdiyi Abşeron rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. İdarə rayonda meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.

Yusif Ələsgərov: “İndi Abşeronun əkin üçün yararlı bütün torpaqlarının suvarma suyu ilə təmin edilməsi imkanları mövcuddur”



Çox maraqlıdır ki, Yusif müəllim bir idarə rəisi olaraq sadəcə öz vəzifə borclarının icrası ilə kifayətlənmir. Yusif Ələsgərovun çıxışlarında, onun müsahibələrində işlədiyisahə üzrə Abşeronda mövcud durumun və perspektivlərin təhlilinə çox rast gəlmək olur. Belə müsahibələrinin birində Yusif müəllim çox maraqlı fikirlər səsləndirmişdir: “Bütün bölgələrdə olduğu kimi, Abşeronda da kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait mövcuddur. Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. İqtisadi rayonda aqroiqlim şəraiti zeytun, zəfəran, püstə, badam, əncir, ağ şanı və qara şanı üzüm sortlarının, qarpız və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir. Bu gün Abşeron yarımadasında əncir, zeytun və badamın becərilməsi ilə məşğul olan ixtisaslaşdırılmış bitkilər yetişdirilməsinə diqqət artırılır. Məlumdur ki, Abşeron yarımadası ölkəmizin əsas zeytunçuluq bazasıdır. Burada zeytunun və əncirin meyvələrindən emal olunmuş məmulatlar dünya bazarında və sərgilərdə yüksək qiymətləndirilir və mükafatlara layiq görülür. Kənd təsərrüfatının başqa sahələrinin də burada inkişaf etdirilməsinə geniş imkanlar var. Bunun üçün suvarma sistemlərinin yenidən qurulması mühüm əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimiz meliorasiya və suvarma sistemləri ilə bağlı görüləcək işlərdən bəhs edərkən demişdir: “Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir. Bu il təqribən 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Bu, çox böyük rəqəmdir. Biz buna nail olmalıyıq. Buna nail olmaq üçün imkanlar var. Müvafiq göstərişlər verilibdir. Bu layihələrin icrası nəticəsində bizim ixrac potensialımız böyük dərəcədə artmalıdır. İndi yeni suvarılacaq torpaqlarda hansı məhsulların əkilməsi ilə bağlı işlər gedir. Elə etməliyik ki, ilk növbədə, öz daxili tələbatımızı ödəyək və eyni zamanda, güclü ixrac potensialı da yaratmalıyıq”.



Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin reallaşması burada kənd təsərrüfatının inkişafına da yeni perspektivlər yaratmışdır. İndi Abşeronun əkin üçün yararlı bütün torpaqlarının suvarma suyu ilə təmin edilməsi imkanları mövcuddur. Bunun üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC bizə hər cür imkanlar yaradıb. Calışacağıq ki, Abşeronda kənd təsərrüfatının suvarma suyu ilə tam təchiz olunmasını təmin edək”.

Suvarma Sistemləri İdarəsinin göstərdiyi xidmətlər yüksək səviyyədədir

Əldə etdiyimiz məlumatlarda da vurğulanır ki, Abşeron rayonunda fəaliyyət göstərən fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri Suvarma Sistemləri İdarəsinin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir. Elə cari ildə də su kanallarının təmizlənməsi ilə yanaşı bütün digər işlər də yüksək səviyyədə icra olunur.



Təbii ki, bütün bunlar Yusif Ələsgərovun rəhbərlik etdiyi Abşeron rayon Suvarma Sistemləri İdarəsinin səmərəli fəaliyyətindən xəbər verir və hər birimizdə bu səmərəliliyin gələcəkdə daha da artacağına möhkəm əminlik yaradır.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön