Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİNİN MƏLUMATI

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİNİN MƏLUMATI


13-01-2016, 13:16. Yazar: admin
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİNİN MƏLUMATI
Abşeron rayonunun Güzdək qəsəbəsində aşkarlanan 4 tona yaxın mənşəyi məlum olmayan ət zərərsizləşdirilmişdir

Xəbər verdiyimiz kimi, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq ölkə rəhbəri, cənab Prezidentin sərəncam və fərmanlarının icrası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən reydlər davam etdirilir.

Yanvarın 9-da Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri aşkar edilmişdir.

Bu cəmdəklərdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuşdur. Müayinə zamanı nümunələrin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvan cəmdəklərinin olması müəyyən edilmişdir.

Aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilmişdir.

Bu qərara uyğun olaraq yanvarın 12-də həmin heyvan cəmdəkləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

Mətbuat katibi: Yolçu (Xanvəli) Həsənov
Geri dön