Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Azərbaycanın ən bahalı əməliyyatxanası –
Azərbaycanın ən bahalı əməliyyatxanası –18-04-2019, 10:51. Yazar: sevinc1 |
Hibrid əməliyyat otağı bir çox inkişaf etmiş ölkələrdə az sayda da olsa yaradılan, bir neçə əməliyyatın eyni vaxtda, 2-3 cərrah tərəfindən icra edilə biləcəyi yeni, modern əməliyyatxanadır. Azərbaycanda belə bir əməliyyat otağı cəmi 1 yerdədir və 2017-ci ilin sonunda prezident İlham Əliyevin iştirakı ilə açılıb. Əməliyyatxananın yaranması təşəbbüsü ilə çıxış etmiş, türkiyəli professor, 10 ildir Azərbaycanda çalışan invaziv radioloq Ahmet Memiş hibrid əməliyyatxananın üstünlükləri və burda icra olunan mürəkkəb əməliyyatlar barədə medicina.az-a açıqlama verib. "Bu əməliyyat otağı full strelizasiyalı olub, cərrahi avadanlıqlar, eyni vaxtda invaziv radioloji müdaxiləni etmək üçün angioqrafiya cihazları ilə təmin edilib. Hibrid otaq bir xəstə üzərində eyni vaxtda həm açıq, həm qapalı əməliyyat etməyə imkan verir. Misal üçün aorta dediyimiz ən böyük magistral arteriyada insan həyatı üçün təhlükəli məqamlardan biri anevrizmadır. Aorta şişir, balonlaşır, partlayır, xəstə ölür. Bəzi nahiyələrdə, xüsusən beyin damarlarının çıxışında aortada təkbaşına bir cərrahın kardiovaskulyar əməliyyat etməsi mümkün deyil. Hibrid otaqda isə bir tərəfdən kardioloq öz açıq ürək əməliyyatını edir, ya neyrocərrah beyində işləyir, invaziv cərrah isə qapalı əməliyyatını icra edir. Bu yaxınlarda Bakıda dünyada çox nadir görünən, çətin ginekoloji əməliyyatı hibrid otaqda etdik. Hamilə qadında plasenta uşaqlığa və uşaqlıq boynuna yapışmışdı. Əgər əməliyyat olmasa, doğumdan sonra uşaqlıq yığılmayacaq, güclü qanaxma olacaq və məcburiyyətdən ginekoloq cərrah uşaqlığı tamamən götürəcəkdi. Bu da gənc qadının orqansız qalması deməkdir. Ya da xəstə qanitirmədən ölə bilərdi. Hibrid otaqda xəstəni əməliyyata aldıq. Ginekoloqlar keysəriyyəni etdi, körpə doğuldu, plasenta çıxarmaq üçün biz radioloqlar damardan girərək endovaskulyar yolla plasentanı qidalandıran daxili qalça damarlarını bağladıq. Ondan sonra plasenta çıxarıldı, qanaxma olmadı. Həm xəstənin orqanı qorundu, həm həyatı xilas oldu. Digər bir xəstənin başqa xəstəxanada sidik axarı müalicə sonrası bağlanmışdı. Hibrid otağında uroloq cərrahla birgə biz sidik axarını bərpa etdik”. Həkim Azərbaycanda cərrahların belə bir əməliyyatxanadan xəbərdar olub, miltidistiplinar , komanda şəklində əməliyyatların mümkünlüyündən məlumatlı olub, xəstəni düzgün yönləndirməyin vacibliyini vurğuladı: "Azərbaycanda cərrahlar indiyə qədər solo işləməyə öyrəşib. Təkbaşına "xəstə mənim, mən əməliyyat edəcəm” kimi fikirlər artıq keçmişdə qaldı. Tibb artıq ya ağ, ya qara deyil. Qara ilə ağın arasında çox fərqli nöqtələr var. Artıq müalicələr, əməliyyatlar həkimlərin komanda şəklində işləməsini tələb edir. Sadə əməliyyatdırsa edə bilər. Amma çətin əməliyyatdırsa və həkim bilirsə ki, bunu tək etsə alınmayacaq, o zaman ya hibrid əməliyyata girəcəksən, ya da heç etməyəcəksən. Hibrid əməliyyatxanada 350 tip fərqli əməliyyatları icra etmək mümkündür. Cərrahiyyədə ən inkişaf etmiş metod budur. Bu gün elə bir endovaskulyar əməliyyat yoxdur ki, onu Azərbaycanda etməyək. Sadəcə cərrahlar, həkimlər solo, təkbaşına işləmək vərdişini azca kənara qoyub, xəstəni xilas etmək naminə tibbin son yeniliklərindən istifadə etməlidir”. aia.az Geri dön |