Ana Sayfa > Ölkə > Bakıda məsciddən oğurluq edən keçmiş məhkum tutulub
Bakıda məsciddən oğurluq edən keçmiş məhkum tutulub16-04-2019, 10:34. Yazar: sevinc1 |
Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edilib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını qeyd edib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib. Qeyd edək ki, A.Mirzəyevin oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq 3 ay müddətinə inzibati qaydada həbs olunduğu da məlum olub. Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |