Ana Sayfa > Siyasət > “O, bizim bütün xoşbəxtliyimizi apardı” -

“O, bizim bütün xoşbəxtliyimizi apardı” -


15-04-2019, 11:40. Yazar: sevinc1
“O, bizim bütün xoşbəxtliyimizi apardı” -


Azərbaycan prezidentliyinə keçmiş namizəd, tarixçi alim Cəmil Həsənlinin Bakupost.az-a müsahibəsi.



- Cəmil bəy, uşaqlığınızı necə xatırlayırsınız?

- Azərbaycanın böyük bir hissəsinin kənd mənşəli adamlarının uşaqlığı necə olubsa, mənim də uşaqlığım elə olub. Kəndin problemləri, qayğıları, məişəti və eyni zamanda gözəlliyi xatirimdə film lenti kimi canlanır. Muğanda yaz aylarında hardasa uzaqlarda bir yerdə, yerlə göyün birləşdiyi yerdən Günəş qalxırdı. İnsanlar ondan da tez qalxırdı. Gün ərzində o insanların həyatı zəhmətlə keçirdi. Onların alnından axan tər dənəcikləri hələ də gözümün önündədir.



- Sizin üçün o vaxtların ən gözəl xatirəsi hansıdır?

- Hamımız, bütün uşaqlar bir-birinə oxşar həyat yaşayırdı. O günlərin hamısı bir-birinə bənzəsə də, hamısı gözəl xatirə kimi yadımda qalıb. Kənd uşaqlarını sevindirmək üçün kiçik bir hadisə də bəs edirdi. Əziz bir qonaq gələndə, ana-atayla hansısa qohum evinə gedəndə, bayramlar vaxtı, istər-istəməz bizə təzə paltar da alınırdı... Bütün bunlar bizi sevindirirdi. Uşaqlıqda mənim ən çox sevdiyim məşğuliyyət isə at minmək idi. Dağ yerlərindən fərqli olaraq, muğanda at minmək, at çapmaq daha rahatdır.



- Heç atdan yıxılmısınız?

- Yox, amma bir dəfə məni at dişləyib. Bazara getmişdik, at arabasının yanından keçəndə ağız atıb qolumdan dişlədi.



- Cəmil bəy, uşaqlıqda mən elə bilirdim ki, qoz-fındığı, plovu ancaq bayramda yeyirlər. Siz necə?

- Qoz-fındıq məsələsi ilə razıyam, amma plovla yox. Çünki həmin dövrdə bizim evdə tez-tez plov bişirilirdi. Çəltik əkilirdi deyə plovumuz bol idi. O düyünün dadı hələ də mənim damağımdadır. Balıqla, balqabaqla bişirilirdi.



- Orta məktəbi Cəlilabad rayon Alar kəndində bitirmisiz. Məktəb illərdən nə xatırlayırsınız?


- İlk növbədə məktəbi xatırlayıram, müəllimlərimi xatırlayıram, əsas da ibtidai sinifdə mənə dərs demiş müəllimimi xatırlayıram. Necə də gözəl insanlar, şərəfli müəllimlər idilər. Şagirdlərə çox qayğı ilə yanaşırdılar. Mənim yaddaşımda onlar əbədi olaraq həkk olunublar. Müəllimlərimin mənə və bütün uşaqlara öz övladı kimi yanaşmasını, qağyısını xatırlayıram. Çox güclü təhsil var idi. Mən imtahanı Bakı Dövlət Universitetinin əsas binasında vermişəm. Yanımda oturan oğlan elə hey qurcalanırdı, əlindəki balaca kağızları eşələyirdi, soruşdum ki, o nədir? Dedi, "şbalqalka”. İlk dəfə o sözü ondan eşitdim. Hətta təəccübləndim ki, bu şeydən mənim niyə xəbərim yoxdur. Amma sonra gördüm ki, müəllim gələndə gizlədir.



- Cəmil bəy, sizi orta məktəbdə döyən müəllim olub?

- Yox, elə bir hal olmayıb ki, müəllimlərdən kimsə mənə, ya da başqa uşağa əl qaldırsın. Bəlkə də başqa siniflərdə olub, bilmirəm.



- Kasıb ailədə böyümüsüz?

- Maddi durumu orta səviyyədə olan bir ailədə böyümüşəm. Kənddə kasıb ailələr görmüşəm. İndi kimin şalvarı cırıq olmasa, ona adamların yazığı gəlir, o vaxt kimin şalvarı cırıq olsaydı, ona yazıqları gəlirdi. Yəni cırıq şalvar geyinmək indi moda çevrilib. Deyə bilərəm ki, mən uşaqlıqda dizi cırıq, ya da yamaqlı şalvar geyinməmişəm. Atamın qardaşları, bacısının yoldaşı müharibəyə getmişdi, atam onların da ailə-uşağını himayə edirdi. Amma yoxsulluq sözünün tutumunu hiss etməmişəm. Həm də o vaxt kənd təsərrüfatı kəndlərin vəziyyətini yaxşılaşdırırdı.



- Atanızı necə xatırlayırsınız?

- Mən atama əmi demişəm. Əmimgilin evi bizə yaxın idi, əmiuşaqları ilə bir həyətdə böyümüşük. Onlar bizdən yaşca böyük idilər. Atama əmi deyirdilər deyə, biz də onların ağzı ilə atama əmi demişik.



- Ananız demirdi ki, əmi yox, ata deyin?

- Yox. Elə axıra qədər belə də getdi. Atam bizimlə əsgərlikdən qayıtmayan qardaşının balaları arasında heç bir fərq qoymurdu. Hamısını evləndirdi, yerbəyer elədi.



- Müharibə sizin evdən də qurban aparıb...

- İki əmim müharibədən qayıtmadı. Atam isə yara alıb qayıtmışdı. İkinci qrup əlil idi. Müharibədən sonra evlənmişdi, mən ailədə ikinci uşaq idim. Kənd adamları atama hörmətlə yanaşırdı. Atam pambıq briqadiri işləyirdi. Rayon Partiya Komitəsinin birinci katibi Muradov sahədə söyüş söydüyünə görə atam onu döymüşdü, əməlli-başlı əzişdirmişdi.



- Atanıza hansısa cəza vermədilər?

- Atamı işdən çıxartdılar, amma ciddi heç nə olmadı. Görünür, Muradov öz ayıbının üstünü ört-bas eləmək üçün susmuşdu. Amma bu yaxınlarda bir nəfər mənə dedi ki, Muradov pis adam olmayıb.



- Ananız necə insan idi?

- Mənəvi cəhətdən zəngin qadın idi. Heç vaxt haqqı nahaqqa verməyən, folkloru yaxşı bilən və uşaqlarına yaxşı tərbiyə verən bir anaydı. 2002-ci ilə qədər yaşadı. Atam tez rəhmətə getdi, anam bizim üçün çox əziyyət çəkdi. Onun nəvazişi, qayğısı həmişə bizim üzərimizdə olub.



- Ali məktəbə qəbul olduğunuz günləri necə xatırlayırsınız?

- Mənim universitetə girmək fikrim yox idi. Həm də həvəsim ingilis dilinəydi. Əmim oğlu Tibb Universitetinə sənəd verirdi, mən də Xarici Dillər Universitetinə. Dedilər ki, sənin attestatında səhv var, həm "ana dili”, həm də "Azərbaycan dili” fənnləri var. Hər ikisinə də qiymət yazılıb. Mən kənddən gəlmiş, cılız uşaq idim. Elə oldu ki, birbaşa nazirin qəbuluna girdim. Nazir məni göndərdi bir otağa, mən gedincə daxili telefonla nəsə demişdi. O otaqdan dedilər ki, direktor filan sənəd versin, bu işi yoluna qoyaq. Səhəri gün biz əmimoğlu ilə avtovağzala getmək üçün avtobusa minmişdik. Avtobusda bir nəfər o birinə yandakı binanı işarə edib dedi ki, bura Bakı Dövlət Universitetidir. Əmim oğlu dedi ki, gəl düşək, bura sənəd verək.



- İngilis dili yaddan çıxdı...

- Mən ədəbiyyata sənəd vermək istəyirdim. Amma əmim oğlu məni inandırdı ki, tarixə sənəd vermək lazımdır. Qapının ağzında suallaşırdıq uşaqlarla. Sən demə, içəridə sənədi qəbul edən adam bizi eşidirmiş. Qapını açıb məni çağırdı. Dedi ki, bayaqdan sənə qulaq asıram, suallara düzgün cavab verirsən, sənin sənədlərini birinci qəbul edəcəm. Elə oldu ki, Dillər Universitetində deyilən səhv də yada düşmədi. Üç gün sonra imtahan verib universitetə daxil oldum. İmtahanlardan beş almış uşaqlar ipini qırmış dana kimi atıla-atıla çölə çıxırdılar. Mən isə sakit çıxırdım. Bir nəfər soruşdu ki, neçə almısan? Dedim ki, beş. İnanmadı, alıb sənədimə baxdı ki, hamısı beşdir. Kağızı qaldırdı ki, ay camaat, bu uşağın başı xarabdır, beş alıb, sevinmir.



- Universiteti bitirib Cəlilabad rayonuna müəllim getmisiniz. Niyə çox işləmədiniz?

- Aspranturaya daxil oldum, ona görə məktəbdən çıxdım.



- Cəmil bəy, sevib evlənmisiniz?

- Şübhəsiz ki, sevmişəm. O vaxtın sevgisi daha təmiz olurdu. Mən görmədiyim, tanımadığım, sevmədiyim adamla evlənə bilməzdim. Ailələrimiz də bir-birini tanıyıb.



- Cəmil bəy, oğul övladınızı itirmisiniz. Bu ağrılı prosesi necə keçirdiniz?

- Desəm ki, bu çox ağır itgiydi, ağır sözü o itgini ehtiva eləmir. O itgini ifadə edəcək söz yoxdur. Biz indi də inanmaq istəmirik ki, bu hadisə baş verib. Bizim üçün gözlənilməz oldu. Biz Vüqarı itirəndən sonra başa düşdük ki, əvvəllər nə qədər xoşbəxt imişik. O, özü ilə bizim bütün xoşbəxtliyimizi apardı. Biz Vüqardan sonra sadəcə olaraq, təqvim günləri yaşayırıq. Heç vaxt yadımızdan çıxmır. Elə bilirik ki, bu saat qarşımıza çıxacaq. (kövrəlir)



- Ayan adında bir yadigarı qalıb.

- Hə, elə bil Vüqarın oxşarıdır. Allah saxlasın, dərslərini də çox yaxşı oxuyur. Onun yaşında mən onun qədər biliyə sahib deyildim.



- Bir qızınız ailəlidir, Bakıda yaşayır. Digər qızınız Böyük Britaniya vətəndaşı ilə ailə həyatı qurub, xaricdə yaşayır.

- Bəli, bir qızım Britaniya vətəndaşı ilə ailə həyatı qurub. Çox yaxşı, normal bir ailədilər. Necə deyərlər, ideal bir ailədirlər.



- Britaniyalı nəvələriniz varmı?

- Var, yayda gəlirlər bura. Ya biz gedirik ora. Ötən yay gəlmişdilər. Artıq planlaşdırıblar ki, bu yay nə vaxt gələcəklər. Çox yaxşı uşaqlardılar. Onları dənizə aparıram, şəhərdə gəzdirirəm. Bakı xoşlarına gəlir.



- Azərbaycan dilini bilirlər?

- Böyük qız yaxşı bilir. 13 yaşı var. Elə yayı burda keçirməkdə məqsəd Azərbaycan dilini gözəl öyrənməkdir.



- Kiçik oğlunuz da Amerikada yaşayır. Evlənibmi orda?

- Yox, evlənməyib. Amerikada Universitet bitirib. İndi Avropada işləyir.



- Kefinizi soruşmaq üçün zəng edir?

- Hər gün zəng edir. Allaha şükür ki, müasir texnologiyalar qəribçilik məfhumunu aradan götürüb.

aia.az
Geri dön