Ana Sayfa > Manşet / İdman > Respublika Olimpiya İdman Litseyi

Respublika Olimpiya İdman Litseyi


11-04-2019, 12:19. Yazar: admin
Respublika Olimpiya İdman Litseyi




Azərbaycanın bir çox Olimpiya, dünya və Avropa çempionu adını qazanmış idmançıları da məhz bu məktəbin yetirmələri olublar

İdman ümummilli dəyərdir

Bu gün bədən tərbiyəsi və idman ictimai inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilmişdir. Məhz bu səbəbdəndir ki, sosioloqlar idmana cəmiyyəti vahid milli ideya ətrafında birləşdirən, insanda qələbəyə, yeni-yeni uğurlara can atmaq hissini oyadan vasitə kimi baxırlar. Eyni zamanda da bədən tərbiyəsi və idmanın inkişafı ölkənin hərtərəfli inkişafına xidmət edir. İdman ümummilli dəyərdir. İnsanların fiziki cəhətdən sağlam və güclü olması dövlətin müdafiəsini və iqtisadiyyatının yüksəlməsində xüsusi rol oynayır. Buna görə də hər bir dövlətin əsas məqsəd və vəzifələrindən biri ölkədəki mövcud idman ənənələrini qoruyub inkişaf etdirməkdir.




Ulu Öndərin davamçısı İlham Əliyevin 1997-ci ildən Azərbaycan Olimpiya hərəkatına rəhbərlik etməsi dövlətin idman siyasətinə yeni istiqamətlər və mərhələ gətirdi. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmiş Milli Olimpiya Komitəsinin lideri ölkədə bədən tərbiyəsi və idmanın daha geniş və sürətlə inkişafı, idman vasitəsilə Azərbaycanın Dünya və Avropaya inteqrasiyası, beynəlxalq idman aləmində Azərbaycan idmanının nüfuzunun daha da artırılması məsələlərini dövlət siyasətinin önəmli istiqamətlərindən biri kimi dəyərləndirdi. Son illərdə ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatı üçün yaranmış imkanlar, həyata keçirilən konkret tədbirlər bu sahədə istər ölkə daxilində, istərsədə beynəlxalq aləmdə qazanılan uğurlar və əldə olunmuş nailiyyətlər bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirmişdir.

İdmanın inkişafı üzrə Milli Strategiya günün tələbidir

Cəmiyyətin ən vacib sosial sahəsi kimi bədən tərbiyəsi və idmanın qarşısında duran dövlət səviyyəli vəzifələrin və ümumxalq məsələlərin həlli bu problemlərə təkcə qısamüddətli deyil, eyni zamanda uzunmüddətli müasir tələblər səviyyəsində yanaşmanı tələb edir. Məhz bu baxımdan Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə uzun müddətə nəzərdə tutulmuş Milli Strategiyanın olması günün tələbi və zərurətidir. İnkişaf etmiş ölkələrin uğurlu təcrübəsi göstərir ki, bədən tərbiyəsi və idmanın tələb olunan səviyyədə inkişaf etdirilməsinin optimal yolu məsələyə kompleks yanaşmanı tələb edir. Yalnız belə bir yanaşmanın nəticəsində vətəndaşların və ölkənin ümumi inkişafına nail olmaq mümkündür. İdmanın inkişafı üzrə Milli Strategiyanın əsas məqsəd və vəzifələri də ilk növbədə məhz yönümdə məsələlərin həllini nəzərdə tutur. Təbii ki, bu baxımdan ölkədə bədən tərbiyəsi və idmanın tədrisi ilə bağlı şəraitin yaxşılaşdırılması, bu sahədə inkişafın təmin olunması da dövlətimizin hər zaman diqqət göstərdiyi məsələlərdəndir. O cümlədən, idmanın



inkişafı üzrə Milli Strategiya da digər istiqamətlərlə yanaşı müxtəlif tipli idman məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu məktəblərdə ixtisaslaşdırılmış təlim-idman bazalarının yaradılması, kadrların davamlı peşəkar inkişafı və fiziki tərbiyə sahəsi üzrə təkmilləşdirmə kurslarının təşkili işinin yaxşılaşdırılması, təhsil müəssisələrində, xüsusən orta məktəblərdə idman klublarının, uşaq-idman klublarının yaradılması və fəaliyyətlərinin təmin edilməsi kimi məsələləri də məqsəd kimi qarşıya qoyur.

Olimpiya ehtiyatlarımız tükənməzdir

Bu gün Azərbaycanda uğurla fəaliyyət göstərən bir sıra idman tədris müəssisələri mövcuddur ki, bu müəssisələrin də hər birinin öz tarixi, öz ənənələri və əlbəttə ki, öz uğur və nailiyyətləri vardır. Bununla belə həmin müəssisələrin arasında Respublika Olimpiya İdman Litseyi özünün xüsusi mövqeyi ilə fərqlənir.

Qısa tarixi arayış:

Respublika Olimpiya İdman Litseyi keçmiş SSRİ dövründə Nazirlər Sovetinin müvafiq sərəncamı ilə ittifaq respublikaları arasında ilk dəfə olaraq məhz Azərbaycanda 1963-cü ildə təsis edilmişdir. Təsis edilən məktəb ilk illərdən Maarif Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. Sonradan Azərbaycan SSR Nazirlər Sovetinin 21 mart 1989-cu il tarixli 131 saylı qərarı ilə internat məktəb Respublika Olimpiya Ehtiyat Məktəbi adlandırılmaqla Azərbaycan SSR Maarif Nazirliyinin tabeçiliyindən çıxarılaraq bütün əmlakı ilə birlikdə Azərbaycan SSR İdman Komitəsinin balansına keçirilmişdir.

15 mart 2000-ci il tarixdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin müraciəti ilə məktəbin təmayülü üzrə statusunu genişləndirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 46 saylı qərarına əsasən internat məktəb Respublika Olimpiya İdman Litseyi adlandırılmışdır.

Hələ keçmiş SSRİ dövründə litsey üçün fəaliyyət dairəsi və xüsusiyyəti nəzərə alınaraq elmi-tədqiqat institutlarının və idman mütəxəssislərinin rəyləri nəticəsində analoqu olmayan xüsusi tədris proqramı hazırlanmış və məktəbin fəaliyyəti tənzimlənmişdir. Məktəbin bütün problemləri – büdcəsi, qida normativləri, yumşaq və bərk invertarlarla, idman avadanlıqları, tədris proqramları, dərslik və əyani vəsaitlərlə təchizatı və s. məsələlər mərkəzləşmiş qaydada SSRİ Nazirlər Sovetinin xüsusi sərəncamı və təlimatları ilə həll olunurdu.

Bu gün isə Respublika Olimpiya İdman Litseyi daha sıx şəkildə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Aydındır ki, bu məktəb tədris istiqaməti üzrə Azərbaycandakı digər ümumtəhsil müəssisələrindən fərqlənir. Litseyin direktoru Rasim Muradovun da mətbuata verdiyi açıqlamalardan birində söylədiyi kimi, belə bir tədris ocağının yaradılmasında məqsəd yeniyetmə yaşlarından uşaqları peşəkar idmana hazırlamaq olmuşdur. Öz çıxışlarının birində R.Muradov bildirmişdir ki, fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanın çoxlu sayda Olimpiya, dünya, Avropa çempionu adını qazanmış idmançıları da məhz bu məktəbin yetirmələri olublar. Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur




Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbdə təhsil alıblar.

Hazırda litseydə idmanın sərbəst güləş, yunan-Roma güləş növləri, cüdo, boks, futbol, idman gimnastikası bölmələri fəaliyyət göstərir. Litseyin Qax rayonunda şöbəsi, Xaçmaz rayonu ərazisində yerləşən Nabran qəsəbəsinin dənizkənarı zonasında təlim-məşq bazası vardır. Bü gün litseydə Azərbaycan yığma komandalarının məşqçiləri və aparıcı mütəxəssisləri, respublikanın əməkdar məşqçiləri və onlarla təcrübəli məşqçi-müəllimlər çalışırlar. Qeyd edək ki, Respublika Olimpiya İdman Litseyinin direktoru Muradov Rasim Sədrəddin oğlu 2007-ci ildə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın tədrisindəki xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Əminliklə demək olar ki, Rasim Muradovun rəhbərliyi altında Respublika Olimpiya İdman Litseyinin fəaliyyəti bundan sonra da bədən tərbiyəsi və idmanın ölkəmizdə inkişafına, formalaşmaqda olan gənc nəslin timsalında tükənməz Olimpiya ehtiyatlarımızın yaradılması işinə öz misilsiz tövhələrini verəcəkdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön