Ana Sayfa > Qərbi Azərbaycan > Vətəndaş həkimin müdafiəsinə qalxdı
Vətəndaş həkimin müdafiəsinə qalxdı4-04-2019, 15:27. Yazar: admin |
“2 saylı Doğum evinin işini belə yüksək səviyyədə təşkil etməklə baş həkim Mehriban Abasquliyeva həm dövlətimizin, həm də xalqın etimadını tam doğruldub...”(oxucu məktubundan) Bu günlərdə redaksiyamıza şikayət xarakterli bir məktub daxil olub. Məktubun maraqlı cəhəti bundadır ki, onu tərtib edən vətəndaş bizə bəzi həmkarlarımızın qeyri-obyektivliyindən narazılığını bildirir. Məsələnin mahiyyətinə aydınlıq gətirmək üçün əvvəlcə həmin məktubun məzmununu bəzi ixtisarlarla təqdim etmək qərarına gəldik. Beləliklə, məktubda deyilir: “Hörmətli redaksiya, sizə müraciət edən paytaxt sakini Şirəli Mirzəyevdir. Səkkiz nəfərdən ibarət ailəmlə birgə Bakının Sabunçu rayonu ərazisində, Zabrat qəsəbəsində yaşayırıq. Ailəmizin sonbeşiyi, oğlumun ikinci övladı Nigar qızımız bu ilin fevral ayında dünyaya gəlib. Böyük qardaşı kimi, o da Sabunçu rayonu 2 saylı Doğum evində anadan olub. Allah bütün balaları saxlasın! Demək istədiyim budur ki, iki il bundan əvvəl də, bu il də dediyim həmin doğum evində biz oranın həkimlərindən da, tibb bacılarından da yalnız yaxşılıq görmüşük. Hiss olunur ki, hər kəs öz işini bilir və sevir. Hamı öz işinə məsuliyyətlə yanaşır. Gəlinim deyir ki, bu gün də oranın işçilərindən bəziləri ilə zəngləşir, lazım olanda müəyyən məsləhətlər də alır. Aydındır ki, bu müəssisəyə xəstə yanına da daha çox ailənin qadınları gedirlər. Hamı da onlardan razılıq edir. İstər təmizlik baxımından, istər analara və uşaqlara göstərilən diqqət və qayğı baxımından, istərsə də həkim və tibb bacılarının peşəkarlığı baxımından bütün tibbi xidmət ən yüksək səviyyədə təşkil olunub. İndi deyərsiniz ki, əslində bu elə belə də olmalıdır və bu məktubu yazmağa nə lüzum var? Məsələ bundadır ki, dünən saytlardan birində Sabunçu rayonu 2 saylı Doğum evi barədə tənqidi bir yazı diqqətimi cəlb etdi. Həyat yoldaşımı və gəlinimi də çağırıb yazını onlar üçün də oxudum. Çox pərişan oldular. And-aman edirlər ki, yazılanlarda zərrə qədər də olsaun, həqiqət yoxdur. Yəni bütün bunlar yalnız yalan və böhtandır. Bundan sonra qərara gəldim ki, belə bir məktubla sizə müraciət edim. Sizin saytın çoxdan izləyicisiyəm. Bilirəm ki, oxucu məktublarına dərhal reaksiya verirsiz. İnanıram ki, mənim də məktubumu dərc edəcəksiniz. Qoy insanlar yaxşını yaxşı kimi tanısınlar. 2 saylı Doğum evinin işini belə yüksək səviyyədə təşkil etməklə oranın baş həkimi Mehriban Abasquliyeva həm dövlətimizin, həm də xalqın etimadını tam doğruldub. Bunu danmaq olmaz! Sizin bəzi həmkarlarınız isə, ağı qara kimi təqdim etməklə təkcə həkimlərin, tibb bacılarının deyil, həm də hələ bundan sonra həmin doğum evində dünyaya gələcək neçə-neçə körpənin haqqına bais olurlar...” Bizim şərh Əslində Şirəli müəllimin məktubunu heç bir əlavə şərh olmadan da dərc etmək olardı. Necə deyərlər, müəllif öz fikirlərini tam olaraq aydın və sərrast ifadə edə bilib. Amma düşündük ki, öz növbəmizdə biz də məsələyə münasibət bildirsək, heç də pis olmaz. İlk növbədə qeyd etməliyik ki, paytaxtın Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum evi Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Fəaliyyətə başladığı gündən qadınlara doğuşayardım xidməti göstərir. 120 çarpayıdan ibarətdir. 2 saylı Doğum evinin nəznində qadın məsləhətxanası da fəaliyyət göstərir. Büdcəsi dövlət tərəfindən maliyyələşdirilir. 2004-cü ildə əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondu tərəfindən yeni küvəzlərlə təmin olunub. Bu xüsusi aparatlarda ana və körpədə qan qrupları və rezus üzrə uyğunsuzluq xəstəliyi, tənəffüs, az çəki problemi olan, vaxtından əvvəl dünyaya gələn və intensiv terapiyaya ehtiyacı olan uşaqların müalicəsi aparılır. 2000-ci ildən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində tibb elmləri namizədi Mehriban Abasquliyeva çalışır. Qısa arayış: Abasquliyeva Mehriban Adil qızı 10 fevral 1963-cü ildə anadan olmuşdur. 1986-cı ildə Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsini bitirmişdir. Uzun illər səhiyyə sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 1994-1998-ci illərdə Bakı şəhər1 saylı Qadın məsləhətxanasının baş həkimi, 1998-2000-ci illərdə Bakı şəhər 3 saylı ŞKX-da baş həkimin müavini vəzifəsində işləmişdir. 2000-ci il tarixindən hal hazıradək Bakı şəhər 2 saylı Doğum evinin baş həkimi vəzifəsində işləyir. Tibb üzrə fəlsəfə doktorudur. Ailəlidir, 3 övladı var. Əldə etdiyimiz bütün məlumatlarda da təsdiq olunur ki, baş həkim Mehriban Abasquliyeva işini dəqiq bilən savadlı, tələbkar, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan peşəkar kadr kimi tanınır. Qeyd edək ki, hazırda 2 saylı Doğum evində 70-dən çox yeni dünyaya gələn körpə personalın ciddi nəzarəti altındadaır. Hamilə qadınların müayinə və müalicəsinə diqqətin artırılması, müasir laborator müayinələrin tətbiq olunması, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında müalicə planının işlənib hazırlanması və digər xüsusi tədbirlər isə, bu səhiyyə ocağında xidmət səviyyəsinin daim yüksəlməsini təmin edir. Son söz əvəzi Bir məqamı da qeyd etmək istərdik ki, baş həkim Mehriban Abasquliyeva eyni zamanda həm də Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvü və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür. 14 fevral 2007-ci il, 1 dekabr 2011-ci il və 17 aprel 2017-ci il tarixlərində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının müvafiq olaraq VII, VIII və IX konfranslarında təşkilatın sədri vəzifəsinə seçilmişdir. Son olaraq, bizə müraciət etmiş oxucumuzla tamamən həmfikir olduğumuzu bildirmək və demək istərdik ki, mətbuat səhifələrində hər hansı bir insan barəsində tənqidi material yerləşdirərkən, ilk növbədə bu materialın müəllifi öz “tənqid hədəfi”nin həyat və fəaliyyətini, onun əldə etdiyi uğur və nailiyyətləri bir qədər dərindən, bir qədər də qərəzsiz araşdırsın. Bəlkə bu zaman biz jurnalistlər də barəsində çox danışdığımız haqq-ədalət meyarlarını daha az pozmuş olarıq. Abbas Abbasov Elbrus Bağırov Geri dön |