Ana Sayfa > Təhsil > ATU-da “Tibbin görən gözü” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

ATU-da “Tibbin görən gözü” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib


30-03-2019, 12:05. Yazar: sevinc1
ATU-da “Tibbin görən gözü” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib




Martın 30-da Azərbaycan Tibb Universitetində Səhiyyə Nazirliyi ilə birlikdə

Şüa diaqnostikasının aktual problemlərinə həsr edilmiş “Tibbin görən gözü” mövzusunda beynəlxalq elmi praktik konfransının açılışı baş tutub. Konfransda respublikamızın və bir sıra xarici dövlətlərin aparıcı radioloqları iştirak ediblər.

Dövlət himni səsləndikdən sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edib. Rektor G.Gəraybəyli şüa diaqnostikasının müasir dövrdə tibbin bütün sahələrində aparıcı rol oynadığını deyib və bu səbəbdən ilk dəfə məhz ATU-da bu mövzuda keçirilən tədbirin mühüm əhəmiyyət daşıdığını bildirib: “Son illər ölkəmizdə tibbin bütün sahələrində olduğu kimi, şüa diaqnostikasında da proqressiv inkişaf getmiş, paytaxtda və regionlarda çoxsaylı diaqnostika mərkəzləri açılıb, müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bu, dövlətimizin səhiyyənin inkişafına göstərdiyi dəstəyin bariz nümunəsidir”. Rektor qeyd edib ki, şüa diaqnostikası ilə bağlı müayinələrin məqsədyönlü tətbiqi düzgün müalicə taktikasının seçilməsində mühüm əhəmiyyətə malikdir.

Daha sonra konfransın qonaqları – Murat Danaçı (Türkiyə), Qalina Korjenkova (Rusiya), Rauşan Raximjanova (Qazaxıstan) da tədbirin mövzusu ilə bağlı fikirlərini açıqlayıblar. ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, Dosent Məlahət Sultanova Azərbaycanda radiologiyanın inkişaf tarixindən söz açıb.

Qeyd olunub ki, uzun illər ərzində şüa diaqnostikası yalnız klassik rentgen müayinə üsulları ilə sərhədlənirdisə, hazırda ultrasəs müayinəsi, kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası, pozitron-emission tomoqrafiya müayinələri kliniki praktikada aparıcı rol oynayırlar. Bu müayinə üsullarının diaqnostik imkanları ilbəil artır, tədqiq olunan patoloji proseslərin spektrləri genişlənir, xəstəlik haqqında alınan informasiyaların həcmi və keyfiyyəti yüksəlir.

Beynəlxalq tədbirdə tibbin ən aktual problemlərinin diaqnostikasından danışılıb, mövcud olan mübahisəli məqamlar müzakirə olunub. Konfrans zamanı “Bağırsaqların iltihabi xəstəliklərinin radioloji diaqnostikası”, “Radioloji görüntülərin artırılmış reallıq eynəklərlə interoperasion istifadəsi”, “Süd vəzi xərçənginin diaqnostikasında innovativ texnologiyaların rolu”, “Renovaskulyar xəstəliklərin invaziv radioloji müalicəsi” və digər mövzularda mühazirələr səslənib.

İki gün davam edən konfransın ikinci günü – martın 31-də gənc tədqiqatçılar və rezidentlər üçün radioloji kurslar da təşkil olunacaq.

aia.az




Geri dön