Ana Sayfa > Ölkə > Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib


18-03-2019, 13:48. Yazar: sevinc1
Ağdamda ikigünlük seminar-müşavirə keçirilib


14 və 15 mart tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

İkigünlük seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, müəllimlər, ziyalılar, gənclər, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, xalqımız öz milli-mənəvi, dini dəyərlərini əsrlərboyu qoruyub saxlayıb. Xüsusilə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yenidən milli-mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə diqqət və qayğı göstərilib. Səyyad Salahlı qeyd edib ki, dinlararası münasibətlərin tənzimlənməsi, eyni zamanda dini dözümlülüyün yüksək səviyyədə mövcudluğu dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan dünyada tolerantlıq modelidir. İstər məzhəblərarası, istər dinlərarası məsələlərdə dini dözümlülük nümunəsidir. Dünyanın heç bir yerində Azərbaycan qədər dini dözümlülük yoxdur.

Bu dəyərlərin qorunmasında dini maarifləndirmənin əhəmiyyətinə toxunan Komitə sədrinin birinci müavini bu cür regional seminar-müşavirələrin keçirilməsinin dini icmaların və gənclərin cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınmasında fəal iştirakına səbəb olduğunu deyib.

Çıxışlar ətrafında geniş müzakirələrlə davam edən seminar-müşavirədə DQİDK-nın sifarişi ilə çəkilmiş "Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarının sualları cavablandırılıb.

aia.az
Geri dön