Ana Sayfa > Siyasət > Nazir: Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq
Nazir: Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq16-03-2019, 16:07. Yazar: sevinc1 |
İran və Azərbaycan prezidentləri ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ciddi iradə nümayiş etdirir. Bunu İranın iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd Trend-ə verdiyi açıqlamasında deyib. F.Dejpəsəndin sözlərinə görə, Azərbaycan və İran birgə beynəlxalq ticarət şirkəti yaradacaq: "İran və Azərbaycan həm birgə investisiya şirkətləri, həm də birgə fondlar yaratmaq niyyətindədir. Bununla da azərbaycanlı və iranlı iş adamları daha asan şəkildə işləyə biləcəklər". İranlı nazir Rəşt-Astara dəmiryolunun iki il ərzində istismara verilməsinin nəzərdə tutulduğunu da deyib. Ötən gün Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 13-cü iclası keçirilib. İclasın sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd imzalayıb. aia.az Geri dön |