Ana Sayfa > Karusel / Cəmiyyət > Sərnişin təyyarəsi Bakıda təcili eniş etdi: Bomba həyəcanı - YENİLƏNİB

Sərnişin təyyarəsi Bakıda təcili eniş etdi: Bomba həyəcanı - YENİLƏNİB


11-03-2019, 15:58. Yazar: sevinc1
Sərnişin təyyarəsi Bakıda təcili eniş etdi: Bomba həyəcanı - YENİLƏNİB


Rusiyanın Azərbaycandakı diplomatik missiyası “Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi ilə bağlı məlumat yayıb.

Uralpolit.ru portalının məlumatına görə, hazırda mütəxəssislər təyyarənin bortuna və yük hissəsinə baxış keçirir.

“Təyyarədə doqquzu uşaq olmaqla, 216 sərnişin və doqquz ekipaj üzvü olub. Onlar müvəqqəti olaraq, aeroportun binasına yerləşdirilib. Xəsarət alan yoxdur. Azərbaycan xidməti yaxşı işləyir. Sərnişinlərin heç bir şikayəti yoxdur. Ümid edirik ki, heç bir bomba tapılmayacaq və təyyarə iki saat ərzində yoluna davam edə biləcək”, - məlumatda bildirilib.

Bundan başqa, “İnterfax”ın məlumatına görə, bomba xəbərini verən şəxs həbs edilib. Onun təyyarənin ayaqyolunda bomba yazısı olan qeydi yerləşdirdiyi bildirilib. Şübhəlişəxsin Rusiya vətəndaşı olduğu bildirilib.

Təyyarədə aparılan axtarışda heç bir şübhəli əşya aşkarlanmayıb.

15:35

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti “Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi məsələsinə aydınlıq gətirib.

Bildirilib ki, martın 11-də Bəhreyndən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.

15:24

Rusiyanın “Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib.

Bununla bağlı Oxu.Az-a təyyarədə olan sərnişinlərdən biri məlumat verib.

“İki saat əvvəl Bəhreyndən uçan üç saatdan sonra Domodedova aeroportunda eniş etməli olan “Airbus A321” təyyarəsi Bakıda təcili eniş edib”, - məlumatda bildirilib.

Onun sözlərinə görə, təcili enişə təyyarənin göyərtəsində bomba xəbərdarlığı edən yazılı qeydin tapılması səbəb olub.

Təyyarə xüsusi xidmət orqanları tərəfindən yoxlanılacaq.

aia.az
Geri dön