Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > İranda 30-dan çox azərbaycanlı asıldı - Video

İranda 30-dan çox azərbaycanlı asıldı - Video


9-01-2016, 12:53. Yazar: admin



Son həftələrdə İranda edam hökmlərinin çoxu İran Azərbaycanı və əhalisinin əksəriyyətinin türk olduğu digər bölgələrdə icra olunub.

Aia.az xəbər verir ki, bu barədə İnsan haqları qruplarının yerli media və İranın rəsmi dövlət orqanlrının yaydığı məlumatlar əsasında hazırladıqları hesabatda bildirilir.

Hesabata əsasən ən az 13-ü son dörd gün ərzində olmaqla həmin bölgələrdə keçən bir ay ərzində əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 30-dan artıq məhkum dar ağacından asılıb.

Edamlar Şərqi Azərbaycanın Təbriz və Şəbistər şəhərləri, Qərbi Azərbaycanın Urmiyə və Xoy şəhərləri eləcə də, Ərdəbil, Həmədan və Qəzvin vilayətində həyata keçirilib.

Yanvarın 7-də, Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində qətl ittihamı ilə məhkum edilmiş 25 yaşlı bir gənc şəhərin böyük tərəvəz bazarının meydanında əhalinin gözü qarşısında edam edilib.

İnsan haqları qrupları və medianın nəşr etdiyi video və şəkillərdə edam səhnəsini izləyən əhali arasında çox sayda uşaq da görünür.

İnsan haqları təşkilatlarına istinadən, eyni gündə Xoy şəhərinin Evoğlu bölgəsində yerləşən bir kənddə qətldə ittiham olunan başqa bir məhbus kənd əhalisi önündə asılıb.

Eyni gündə Ərdəbil Ədliyyəsinin veb səhifəsinə istinadən, daha əvvəl İranın İnqilab Məhkəmələri tərəfindən narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş üç məhbus Ərdəbil mərkəzi zindanının həyətində asılıb. Ədliyyə orqanları asılanların kimliyi ilə bağlı məlumat verməyib.

İranda həyata keçirilən edamlar haqqında fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatının (İran HR) bildirdiyinə görə, yanvarın 6-da qaçaqçılıq ittihamı ilə mühakimə edilmiş bir qadın və üç kişi Təbriz Mərkəzi Zindanında asılıblar.

İran HR Təbrizdə asılanların adını da nəşr edib: Tofiq Məhəmmədfər, Hüseyn Zadigan-İskəndər, Əmirəli Zadigan-İskəndər və Zəhra Neməti (Əmirəlinin həyat yoldaşı).

Təbrizdə Mehdi Nüsrətiyan adlı qətl ittihamı ilə mühakimə edilmiş başqa bir məhkum isə yanvarın 5-də edam edilib.

İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi yanvarın 6-da Həmədan Mərkəzi Zindanında Məhəmməd Camal Fəşi adında bir məhkumun edam edildiyini bildirib. HRA-nın məlumatına görə, həmin gün Həmədanda asılan başqa məhbuslar da olub.

Həmin məlumata əsasən, narkotik qaçaqçılığı ilə əlaqəli məhkum edilmiş Fərhəng Harviyan, Hacı Divari-Bədri və Həmid Qəmbərinin edam hökmü yanvarın 5-də Urmiyə Mərkəzi Zindanında icra edilib.

Təbriz Mərkəzi Zindanında 2015-ci ilin son günü dekabrın 31-də də 6 nəfərin edam hökmü icra edilib. Günaz TV-nin xəbərinə görə, Əmir Əhmədi, Cahangir Səidi, Cavad Rahnima, Rza Məhəmmədpur, Cavad Qarabağı və Hüseyn Həsənzadə narkotik qaçaqçılığı ilə əlaqədar keçən illərdə mühakimə edililmişdilər.

Həmçinin təqribən iki həftə öncə qətl ittihamı ilə mühakimə olunmuş əslən Culfa şəhərindən olan Şəmsəddin Oruczadə Təbrizdə asılıb.

Qəzvin vilayətində isə ötən dekabr ayının 17-dən 24-ə qədər 16 nəfərin asılaraq edam edildiyinə dair məlumat vilayətin baş prokuroru Höccətül-İslam Sadıqi tərəfindən İran xəbər agentliklərinə verilib. Sadıqinin bildirdiyinə görə, asılanların hamısı narkotik qaçaqçılığı ilə əlaqəli məhkum olmuşdular.

Keçən bir ay ərzində türklərin sıx yaşadığı digər vilayətlərdən biri Kərəcdə də kollektiv şəkildə edam hökmləri icra olunub.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu önə çəkir.

Geri dön