Ana Sayfa > Manşet / Siyasət > Cavad Zərif: "İran Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlıdır"
Cavad Zərif: "İran Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlıdır"9-03-2019, 13:09. Yazar: sevinc1 |
İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İran xarici işlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən YUNESKO çərçivəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər Azərbaycanın bu il Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə ev sahibliyi edəcəyini nəzərə alaraq, zirvə görüşündən öncə keçiriləcək xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər. E.Məmmədyarov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli məsələsini qeyd edib və qarşı tərəfə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat verib. Bölgədə sülh, təhlükəsizlik, dayanıqlı inkişaf və rifaha nail olmaq üçün münaqişənin həllinin vacib olduğu vurğulanıb. C.Zərif Azərbaycanın təhlükəsizlik və inkişafını özünün təhlükəsizliyi və inkişafı bildiyini söyləyib. İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. İkitrəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün müzakirə obyekti olan layihələrin sürətləndirilməsinin vacib olduğunu qeyd edib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. C.Zərif ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsinə tərəfdar olduğunu vurğulayıb. aia.az Geri dön |