Ana Sayfa > Manşet / Ölkə > Xaçmaz –meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir

Xaçmaz –meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir


5-03-2019, 14:45. Yazar: sevinc1
Xaçmaz –meliorativ tədbirlər yüksək səviyyədə həyata keçirilir




Ölkədə kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi müstəsna əhəmiyyət kəsb edən məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan rayon iqtisadiyyatının inkişafı üçün Xaçmaz Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi önəm daşıyır.

Kənd təsərrüfatının müxtəlif sahələrində yüksək göstəricilər təmin edilir



İlk növbədə qeyd etmək lazımdır ki, Xaçmaz ölkənin aqrar sahə üzrə ixtisaslaşmış rayonudur. Bölgənin iqtisadiyyatının əsasını da məhz kənd təsərrüfatı və turizm təşkil edir. Həmçinin Xaçmaz respublikamızın şimal regionunun ən böyük kənd təsərrüfatı rayonudur. Eyni zamanda da rayon hazırda nəinki bölgədə, hətta respublikada aqrar sahədə seçilən rayonlardan birinə çevrilməkdədir. Xaçmaz rayonunun kənd təsərrüfatının əsasını tərəvəzçilik, meyvəçilik, taxılçılıq, heyvandarlıq, balıqçılıq və bağçılıq təşkil edir. Aydındır ki, bu sahələr üzrə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu funksiyalar isə birbaşa olaraq suvarma sistemləri idarəsinin fəaliyyət dairəsinə aid olan vəzifələrdir. Bu baxımdan redaksiyamıza təqdim olunan açıqlamalarda vurğulanır ki, Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.

2 min kilometrə yaxın kanal lildən təmizlənib

Xaçmaz rayonunda əkinəyararlı sahələrinin suvarılması üçün istifadə olunan su kanallarının təmizlənməsinə ötən ilin fevral ayından başlanılıb. Görülən işlər kanalların ötürücülük qabiliyyətinin artmasına və bu yolla su itkisinin qarşısının alınmasına imkan yaradır.



Xaçmaz Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, indiyədək kanalların təmizlənməsi işlərinə 33 ədəd ağır texnika cəlb olunub. Qeyd edək ki, rayonda 50 min 286 hektar əkinəyararlı torpağı suvarmaq üçün 2 min 387 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Əkin sahələrinin vaxtında suvarılmasını düzgün təşkil etmək və su itkisinin qarşısını almaq məqsədilə hər il su kanalları və arxları lil və kol-kosdan təmizlənir. Görülən işlər nəticəsində Xaçmazda əkinlərin normal suvarma suyu ilə təminatında problem yaşanmayacaq.

Suvarma Sistemləri İdarəsinin göstərdiyi xidmətlər yüksək səviyyədədir



Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Xaçmaz rayonunda fəaliyyət göstərən fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri Suvarma Sistemləri İdarəsinin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir. Elə cari ildə də su kanallarının təmizlənməsi ilə yanaşı Qusarçay, Qudyalçay və Qaraçayda sahilbərkitmə işləri də həyata keçirilir.

Təbii ki, bütün bunlar Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri İdarəsinin səmərəli fəaliyyətindən xəbər verir və hər birimizdə bu səmərəliliyin gələcəkdə daha da artacağına möhkəm əminlik yaradır.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön